Müasir futbolda ədalətli hakimlik problemi aktuallığını qoruyur. Məlum məsələdir ki, son illərdə futbolun sürəti xeyli artıb. Belədə hakimlərin də işi çətinləşir, onlar meydanda baş verənlərə çevik müdaxilə edib, qısa müddət ərzində doğru qərar verməyə çətinlik çəkirlər. Bu acı reallığı UEFA və FİFA da qəbul edir, yaranmış vəziyyətdən çıxış yolları axtarırlar. Heç də təsadüfi deyil ki, hakimliklə bağlı da yeniliklər edilir, qərarların verilməsində müasir texnologiyanın imkanlarından istifadə edilir.
Bir müddət əvvəl meydanda beş hakim yer alırdı, qapı arxasında yer alan hakimlər yaşanan mübahisəli epizodlarda əsas referiyə kömək göstərirdilər. Amma bu üsul o qədər də effektiv olmadı və başbilənlər qəbul etdilər ki, zamanın çağırışını dinləyib texnologiyanın köməyinə arxanalanmaq lazımdır. Beləcə futbolda VAR sistemi tətbiq olunmağa başladı. Bu sistemin də sadə izahı ondan ibarətdir ki, meydanda olan baş hakimə yan xətt hakimləri ilə yanaşı iki hakim də kömək edir. Həmin hakimlər xüsusi ayrılmış VAR otağında monitor qarşısında əyləşir, mübahisəli epizodları izləyirlər. Son qərar vermək səlahiyyətini özündə saxlayan baş hakimin də lazımı görüntülərə baxmaq imkanının olması üçün meydanın da kənarında monitor quraşdırılır və çağırış əsasında həmin monitora baxan baş hakim həlledici qərar verir.
Amma hər mübahisəli vəziyyətə görə də oyunu dayandırmaq, hakimi monitora çağırmaq olmaz. VAR-ın müdaxiləsi yalnız qol epizodları zamanı cərimə meydançasında baş verənlər və qırmızı vərəqə epizodları zamanı mümkündür. Bu qərar da futbolun dinamikasının pozulmaması, oyunun tez-tez dayandırılmaması üçün verilib. Əks halda mübahisənin, müzakirələrin önünü kəsmək mümkün olmayacaqdı. Məşqçilərin və cığallığa meyli olan futbolçuların VAR protokoluna daxil olmayan epizodlarda belə monitor işarəsi göstərmələrini tez-tez görürük.
Hər nə qədər texnologiya inkişaf etsə də, sonda qərar verən insan olur. Belədə yenə də mübahisələr yaranır, fikirlər haçalanır. Görünən odur ki, futbolda hakim qərarlarının müzakirəsi, hakimlərə şübhə ilə yanaşılması bitməyəcək. Hər dəfə uduzan tərəf hakimi müzakirə mövzusuna çevirəcək, mübahisəli epizodlardan videoçarx hazırlayıb, cəmiyyətin emosiyalarını manipulyasiya etməklə məşğul olacaq. Bununla da əsas günahkarlar kənarda qalacaq, futbolçuların səhvləri unudulacaq. Əsas hədəfdə yenə hakimlər qalacaq.
Təəssüflər olsun ki, Azərbaycan futbolu Türkiyədən ancaq mənfi məqamları götürür. Layiq olmadığı pulları qazanan futbolçular və məşqçilər asanlıqla bütün günahı hakimlərin üzərinə ata bilirlər. 90 dəqiqə ərzində hücumçular bir neçə dəfə qol fürsətlərini boşa verirlər. Eyni zamanda müdafiəçilərin və qapıçının səhvindən rəqib qol vurur. Məşqçilər oyunu oxuya bilmir, yanlış heyət seçirlər, əvəzetmələrdə gecikirlər. Hələ mən menecerlərin klub başbilənləri ilə əlbir olub, büdcəni talamasını demirəm. Amma bütün bunların üzərini ört-basdır etmək lazım gələndə hakimlər yada düşür, onların səhvləri ətrafında ajiotaj yaradılır.
Sözsüz ki, hakimlər də insan olduqları üçün səhvə yol verirlər. Hətta monitorda təkrara bir neçə dəfə baxıb, yenə səhv edənlər var. Çünki hər bir qərar subyektivdir. Futbolçu, məşqçi səhv edirsə, hakim də səhv edəcək. Bundan qaçış mümkün deyil.
Türkiyənin əhalisinin sayı 100 milyona yaxınlaşır, orda belə 10-12 nəfər normal hakim tapılmır ki, bu cür mübahisələr bitsin. Çünki futbol meydanlarında milyonlar dövr edir, bunun yaratdığı təzyiqdən hakimlər səhvlər buraxırlar. İş o yerə çatır ki, türkiyəli hakimlərə etimad tükənir, həlledici məqamlarda əcnəbi hakim çağırılır. Amma onlar da səhv edirlər. Azərbaycanda üzdə olan 4-5 nəfər hakimm var. Onların hamısını cəzalandıraq, hakimlikdən qovaq. Belədə meydana komandaları kim çıxaracaq, ədaləti kim qoruyacaq?
Deməli, kəsməklə-doğramaqla, hakimləri bir ucdan cəzalandırmaqla bu problemi həll edə bilməyəcəyik. Klublar daha çox öz oyunlarına köklənməli, bahalı futbolçulardan aldıqları pulların qarşılığını tələb etməlidir. Hakimlər Komitəsi isə say və keyfiyyət artımına diqqət yetirməlidir. Ədalət təmsilçilərinin arasında da rəqabət olmalıdır ki, təyinat alanlar da özlərində məsuliyyət hiss etsinlər. Hələlik isə səhvlər də olacaq, dedi-qodular da. Bizə qalan səbr etməkdir.
Amal Abuşov
Şərhlər