Ekonomiks 16:50 28.06.2022

Moskvanı çətin günlər gözləyir, Rusiya iqtisadiyyatına inam azalır - Deputat

Rusiya 1918-ci ildən bu yana ilk dəfədir ki, xarici valyutada olan suveren borcu ilə bağlı defolt elan edib. Rusiyanın defolt elanı Qərb sanksiyalarının kulminasiya nöqtəsi hesab olunur. Ümumiyyətlə, defolt özü nədir? Defolt - borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsidir. Bu zaman iqtisadi subyekt tərəfindən pul və borc öhdəliklərindən qismən, yaxud tam imtina edilir. Adətən ağır maliyyə böhranları səbəbindən iqtisadi subyektlər, xüsusilə dövlət defolta əl atır. Aşağı inkişaf səviyyəli ölkələr fiskal imkanların məhdudluğu üzündən daxili borc öhdəlikli maliyyə alətlərinin geri alınmasından, eləcə də xarici borc öhdəliklərindən qismən, yaxud tam imtina etmiş olur ki, bu da dövlət borcunun defoltu adlanır.

Milli Məclisin deputatı Vüqar Bayramov Qaynarinfo-ya açıqlamasında bildirib ki, 115 ildən sonra Rusiya yenidən defolt olma təhlükəsi ilə üz-üzədir:

"Nəzərə alsaq ki, Rusiyanın defolt olmasını aparıcı qurumlar simvolik defolt adlandırılır. Eyni zamanda daha geniş real defolt üçün bir əsas yarana bilər. Rusiyanın defolt olması onun xarici borc öhdəliklərini ödəməkdən imtina etməsi anlamına gəlir. Moskva xarici valyuta öhdəliklərini ödəməkdə çətinlik çəkir. Əsas problem xarici valyuta ilə ödənişlərin həyata keçirilməsi və xarici valyutaya əlçatanlıq məsələsidir. ABŞ Rusiya ilə dollarla əməliyyatların aparılmasını qadağan edib. Praktik olaraq Rusiya aparıcı bankları SWIFT-dən çıxarılıb. Bu da təbii ki, Rusiyanın xarici valyuta ilə ödəniş etməsində ciddi bir texniki çətinlik yaradır”. 

Vüqar Bayramovun fikirincə, Rusiyanın defoltu ölkə iqtisadiyyatına olan inamın kəskin azalmasına gətirib çıxarda bilər:

"Artıq Rusiya iqtisadiyyatına olan inamın azalması müşahidə olunur. Çünkü bütün hallarda sanksiyalar və aparıcı şirkətlərin ölkəni tərk etməsi Rusiya iqtisadiyyatına neqativ təsir göstərir. Eyni zamanda defolt xarici valyuta üzrə öhdəliklərin ödəməkdən imtinası uzun müddətli dövrdə Rusiya iqtisadiyyatına inamın kəskin azalmasına gətirib çıxarda bilər”. 

Deputat bildirib ki, bu baxımdan, Rusiyanın defolt olması ümumiyyətlə, ölkə iqtisadiyyatı ətrafında baş verən dəyişikliklər region iqtisadiyyatına təsir göstərəcək: 

"Nəzərə alaq ki, Rusiya-Ukrayna müharibəsindən iqtisadi baxımdan ən çox təsirlənlən həm də Avropa və o cümlədən region ölkələridir. Ona görə də Rusiyanın defolt olması region ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Rusiyanın xarici əlaqələrinə, o cümlədən bu ölkəyə investisiya qoyuluşlarına sərmayənin cəlb edilməsinə bir başa təsir göstərəcək. Ona görə də nəzərə alsaq ki, Rusiya 1,2 trlyondan artıq ümumi daxili məhsulu olan ölkədir. Bu ölkənin defolt olması nəticədə dünya iqtisadiyyatına da təsirsiz ötüşməyəcək”. 

Bahar Rüstəmli