Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümü avqustun 15-də başlayacaq. Peşəkar Futbol Liqasının mayın 27-də açıqladığı məlumatda belə qeyd olunub. Bu gün iyul ayının ilk günüdür. Deməli, yeni mövsümün startına 45 gün qalıb, cəmi ay yarım. Amma bizim klubların əksəriyyəti "yay yuxusu”na elə dərindən gedib ki, oyanmaq istəmirlər. Bəzən mənə elə gəlir ki, onlar hansı yarışa qatılacaqlarının fərqində deyillər, işlərinə də ona görə ciddi yanaşmırlar.
Yeni mövsümü futbol ictimaiyyəti, azarkeşlər xüsusi maraqla gözləyirlər. Çünki legioner limiti ləğv olunub, klublar çoxdankı arzusuna çatıb. Ötən mövsüm elitada yeri görünən "Qəbələ” bir illik fasilədən sonra öz yerini tutacaq. Daha bir diqqət çəkən məqam odur ki, illər sonra Premyer Liqa iştirakçılarının sayı artırılıb, artıq ölkə çempionatının elitasında 12 komanda yarışacaq. "Karvan” və "İmişli” kimi əyalət təmsilçiləri Premyer Liqaya qayıdıb. Bir vaxtlar Azərbaycanı avrokuboklarda təmsil edən bu iki klubun "böyüklər” arasına qayıtması ölkə futbolu üçün əlamətdar hadisə sayılır. Bu qayıdışın çempionatın gərginliyinə, azarkeş sayına müsbət mənada təsir edəcəyi proqnozlaşdırılır.
Uzun müddətdir autsayderə çevrilən, başı elitadakı yerini qorumağa çalışan "Kəpəz”in də azarkeşləri yeni mövsümə böyük ümidlərlə yanaşır. Gəncə təmsilçisinin yeni sponsoru var, idarəçilər yenilənib, baş məşqçi postuna da köhnə-yeni Adil Şükürov təyin edilib. "Sarı-göylər” yeni mövsümün gedişində doğma meydana qayıdacaq, rəqiblərini Gəncədə qəbul edəcəklər. Deməli, tələbkar gəncəli azarkeşlərin "Kəpəz”dən uğur tələb etməsi də qaçılmaz olacaq.
Bütün bunlar öz yerində. "Neftçi” üçün də yeni mövsümün əhəmiyyəti böyükdür. Samir Abasovun "bu komandanı mən yığmamışam, futbolçuları mən seçməmişəm” bəhanəsi artıq qüvvədən düşüb. Çünki rəhbərliklə birlikdə qollarını çirmələyib, "Neftçi”ni yeniləməklə məşğuldur. Amma bu yeniləmə də daha çox "Sumqayıt”ın futbolçularının Bakıya köç etməsiylə müşayət olunur. Görək "köhnə dostları” Samir bəyin çətin günündə özlərini necə göstərəcəklər?! "Sumqayıt”dan söz düşmüşkən, "gənclik şəhəri”nin təmsilçisinin baş məşqçisi yoxdur. Bəli, çempionatın başlamasına 45 gün qalıb, lakin "Sumqayıt”ı yeni mövsümdə kimin çalışdıracağı bilinmir. Yeni məşqçi təyin olunana qədər komandanın ötən ilki heyətindən çətin ki, yararlı futbolçu qalsın. "Neftçi”yə gedən ora gedir, Samir Abasovdan dəvət almayanlar da başının çarəsinə baxır.
Bütün bunların fonunda "Karvan”la "İmişli”nin rəqiblərini hansı stadionda qəbul edəcəyi, harda məskunlaşması da dəqiqləşməyib. Böyük ehtimalla "İmişli” "məcburi köçkün” həyatı yaşayacaq, "Karvan”la bağlı da xeyli cavabsız suallar var. Bu iki komanda ilə yanaşı "Qəbələ”, "Kəpəz” yeni transferlər etməyə, heyəti komplektləşdirməyə də tələsmir. Hansısa gizli əl onları tutub, saxlayır, qızıldan qiymətli zamanın boşa getməsinə səbəb olur. Sonra da şikayətlər, giley-güzar başlayacaq, hərəsi bir bəhanənin arxasına sığınacaq.
Bəli, yeni mövsümün başlamasına 45 gün qalır, klublarımız isə "yay yuxusu”ndan ayılmaq istəmirlər. Belə başa düşürəm ki, onlar yeni mövsümdə böyük hədəflər uğrunda yarışmaq yox, sadəcə, mövsümü yola verməklə məşğul olacaqlar. a
Amal Abuşov
Şərhlər