"Bu addım neft və qaz bazarında qiymətlərin kəskin artımına səbəb olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında REAL-ın sədri Natiq Cəfərli Vaşinqtonun Moskvadan neft və qaz alan ölkələrdən ABŞ-a idxala 500% idxal rüsumları tətbiq etmək istəyinin Rusiyaya və dünya iqtisadiyyatına təsirini şərh edərkən deyib.
Ekspertin fikrincə, əslində, tariflərin qəbul olunma entimalı çox aşağıdır:
"Bu fonda deyə bilərik ki, belə bir addımın atılması real görünmür. Bu halda Vaşinqton gərək Çinə, Hindistana 500 faizlik tarif tətbiq edə ki, bu da mümkün deyil. Ya da Hindistanla Çin Rusiyadan neft, qaz almaqdan imtina etməlidir ki, bu da mümkünsüzdür. Çünki həmin addım neft və qaz bazarında kəskin qiymət artımına gətirib çıxaracaq. Trampa isə yüksək neft qiymətləri sərf etmir".
Bu səbəbdən həmsöhbətimiz düşünür ki, Vaşiqntonda atılması gözlənilən bu adddım sadəcə olaraq son təhdid alətidir:
"Yəni onun tətbiq olunmaması üçün Rusiya ilə danışıqlar aparılacaq ki, Ukrayna məsələsində müəyyən irəliləyişlərə nail olmaq mümkün olsun. Bir sözlə, təklif sadəcə olaraq bir dəyənək funksiyasını yerinə yetirəcək"
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Konqresdə Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini dəstəkləyib. Bu barədə respublikaçı senator Lindsi Qrem "ABC News"a müsahibəsində deyib.
"Dünən mən prezidentlə qolf oynayanda o, ilk dəfə mənə dedi ki, bu qanun layihəsi ilə irəliləməyin vaxtıdır", deyə senator bildirib.
Qrem Senatın iyulda Rusiyaya qarşı yeni sanksiyalara dair qanun layihəsinə baxacağını gözləyir.
Qanun layihəsi aprelin əvvəlində Senat üzvlərindən ibarət ikipartiyalı qrup tərəfindən təqdim edilib. Sənədin əsas müəllifləri senatorlar Lindsi Qrem və Riçard Blumentaldır. Layihə Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları nəzərdə tutur. Senatorların təklifinə Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-a idxala 500% idxal rüsumları daxil edilib.
Qeyd edək ki, Rusiya neftinin əsas idxalçıları Hindistanla Çindir. Onlar Rusiya neftinin 70 %-ni alır.
Rüfət Sultan
Şərhlər