Siyasət 16:30 28.06.2022

Tehran Rusiyadan əlini üzüb, İran yeni müttəfiq axtarışındadır – Tofiq Zülfüqarov

Türkiyə-Azərbaycan-İran üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti toplantısı Tehranda keçiriləcək. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu dəqiq tarix deməsə də, bildirib ki, tərəflər bu il görüşmək niyyətindədir. İranın XİN rəhbəri Hüseyn Əmirabdullahian isə bildirib ki, Tehran-Bakı-Ankara görüşü gündəmdə olan ən vacib məsələlərdən biridir. Nazir qeyd edib ki, üçtərəfli əməkdaşlıq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə müzakirə edilib. Eyni zamanda Qafqazla bağlı vacib məsələyə toxunulub, 3+3 platformasından danışılıb, Tehran-Bakı-Ankara əməkdaşlığından bəhs edilib.

Belə bir görüş realdırmı, İran bu formata daxil olmaqda israrlıdırmı? 

Bununla bağlı Qaynarinfo-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, Tehran Rusiyadan əlini üzdüyündən diqqəti Türkiyə-Azərbaycan-İran üçtərəfli əməkdaşlıq formatına yönəldə bilər:
 
"Rusiyanın təsiri azalmaqdadır. Ukrayna hadisələri nəticəsində Rusiyanın digər regionlarda fəallığında bir boşluq hiss olunur. Belə vəziyyətdə Rusiyanın təsirinin daha da azalacağı istisna olunmur. Bunun nəticəsində bölgəmizlə bağlı bir çox regional və transregional oyunçular da aktivləşir. Bunlar ilk növbədə Qərb, Türkiyə və İrandır. Nəticədə yeni siyasi konfiqurasiya yaranmaqdadır. Qərbin diqqəti də əsasən Ukraynaya yönəlib. Bu baxımdan Türkiyə Azərbaycanla münasibətlər istiqamətində daha fəaldır. Yaranmış vəziyyətdə İran da artıq öz yerini axtarır. Tehran Rusiya ilə hansısa əlaqələr qurmağa çalışırdı. Amma İran xarici işlər nazirinin Moskvaya səfəri göstərdi ki, bu cəhd nəticə vermədi”.

T. Zülfüqarov qeyd edir ki, hazırda regionda Tehran-Ankara-Bakı istiqamətində siyasi təmaslar güclənir:

"İranın XİN rəhbəri Türkiyədədir. Bundan sonra cari il ərzində Türkiyə, İran və Azərbaycan arasında üçtərəfli görüş olacaq. Hadisələrin gedişi göstərir ki, belə bir görüşün olması realdır. Görünür, Rusiyadan əlini üzən İran da həmin formatda aktiv olmaqda israrlıdır. 3+3 formatına gəldikdə, Gürcüstanın indiki halda burada yer alacağı inandırıcı görünmür. Rusiyanın Gürcüstan torpaqlarını parçalaması səbəbindən Tiflis üçün problemlər yaranır. Amma 3+2 formatının reallaşma imkanları da az deyil”. 

Rüfət Sultan