Xəbər lenti

Avropanın ən yaxşı pizzası İtaliyada hazırlanmır - Yeni reytinq açıqlandı
Dünya 22:38 04.07.2026

Avropanın ən yaxşı pizzası İtaliyada hazırlanmır - Yeni reytinq açıqlandı

Nüfuzlu "50 Top Pizza Europa” bələdçisinin tərtib etdiyi reytinqə əsasən, Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən "Napoli on the Road” pizzaxanası ardıcıl üçüncü dəfə Avropanın ən yaxşı pizzaxanası seçilib.

Qaynarinfo "Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu, reytinq tarixində ilk dəfədir ki, eyni müəssisə üç il ardıcıl olaraq birinci yeri qoruyub saxlayır.

Qalib pizzaxana Londonda fəaliyyət göstərir və yaxın vaxtlarda Soho rayonunda üçüncü filialını açıb. Müəssisəyə Miçele Paskarella (Michele Pascarella) rəhbərlik edir. İtaliya pizzanın vətəni hesab olunsa da, ekspertlər bu il də Avropanın ən yaxşı pizzaxanası kimi məhz London restoranını seçiblər.

Nəşr bildirir ki, "Napoli on the Road”un menyusunda həm klassik, həm də müəllif reseptləri əsasında hazırlanan pizzalar təqdim olunur. Ən məşhur növlər arasında uzun müddət bişirilmiş mal əti raqusu, parmezan fondüsü və reyhanla hazırlanan "Ricordi d'Infanzia”, eləcə də "Napoli” salamisi və qızardılmış artişokla təqdim olunan "White Capricciosa” yer alır.

Müəssisə öz konsepsiyasını belə izah edir: "Fəlsəfəmiz fəsillər üzərində qurulub — yaz, yay, payız və qış. Biz İtaliyadan gətirilən və etibarlı britaniyalı fermerlərdən alınan ən təzə mövsümi məhsullardan istifadə edirik".

Reytinqdə ikinci yeri Madrid şəhərində yerləşən və Ciro Kristiano tərəfindən idarə olunan "Baldoria” pizzaxanası tutub. Bu müəssisə eyni zamanda İspaniyanın ən yaxşı pizzaxanası adını da qoruyub.

Üçüncü pillədə Fransanın Püto şəhərində yerləşən "IMperfetto” qərarlaşıb.

Londonda fəaliyyət göstərən daha bir müəssisə — "50 Kalo by Ciro Salvo” dördüncü yeri tutub.

Ümumilikdə bələdçiyə Avropanın 35 ölkəsindən 200 pizzaxana daxil edilib. Reytinqin tərtibatçıları bildiriblər ki, yekun siyahıya daxil edilən müəssisələrin sayı artırılaraq 200-ə çatdırılıb. 

Reytinqə əsasən, bələdçidə ən çox pizzaxana İspaniyanı təmsil edir. Bu ölkədən siyahıya 29 müəssisə daxil edilib. Sonrakı yerlərdə hərəyə 24 pizzaxana ilə Fransa və Böyük Britaniya qərarlaşıb.

Diqqətçəkən məqamlardan biri isə İtaliyanın bu reytinqdə yer almamasıdır. Bunun səbəbi odur ki, təşkilatçılar İtaliya pizzaxanaları üçün ayrıca reytinq hazırlayıblar və həmin siyahıda ölkənin müəssisələri yalnız bir-biri ilə müqayisə olunur.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->