Hüseynbala Səlimov
Video 09:00 13.06.2022

Ukrayna müharibəsi olmaya bilərdimi?..

Hüseynbala Səlimov

Eyni bir mövzuya təkrar-təkrar qayıtmaqda məqsədimiz Kremlin Ukraynada törətdiyi barbarlığın səbəb və nəticələrini araşdımaqdır. Bu müharibə olmaya bilərdimi? Onun qarşısını almaq mümkün idimi? 
İndi baş verən bir sıra proseslər, məsələn, Rusiya Dumasının bəzi üzvlərinin Litvanın vaxtilə müstəqilliyinin tanınmasımı qeyri-qanuni elan etməyə çalışması göstərir ki, söhbət heç də bir hadisədən yox, bütöv tendensiyadan gedir. 

Amma rusiyalı müəliflər yazır ki, əgər Almaniya kansleri A.Merkel istefaya getməsəydi, E.Makronun başı seçkiləri qarışmasaydı Rusiya – Ukrayna müharibəsi baş verməyə bilərdi. Fəqət bir daha qeyd edək ki, müharibəyə hələ bir il qalmış əvvəlcə ABŞ kəşfiyyatı, daha sonra isə ABŞ prezidenti Co Baydenin özü Rusiyanın Ukraynaya qarşı hərbi əməlliyyatlara hazırlaşdığını bildirmişdi. 

O başqa məsələdir ki, heç kim ciddi şəkildə bunun qarşısını almağa çalışmadı. Aydın məsələdir ki, Rusiyanın müəyyən tələbləri vardı və bu tələblər ətrafında dialoq qurmaq və müzakirə açmaq mümkün idi. Amma o da var ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü çoxdan, Krım ilhaq olunandan, Şərqi Ukraynada münaqişə başlayandan start götürmüşdü və ABŞ, eləcə də digər Qərb ölkələri bunların heç birini qəbul etmirdi. 

Düzdür, indi belə deyirlər ki, müharibə başlamazdan öncə Kiyevin neytral dövlət statusu qəbul edəcəyini, NATO-ya inteqrasiya olunmayacağını müzakirə etmək mümkün idi. Hazırda Ukrayna liderləri bunu-neytral dövlət statusunun qəbul ola bilməsini heç də istisna etmirlər...

Burada həm də bir məsələni qeyd etmək lazım gəlir: müharibə Rusiyanın təşəbbüsü ilə baş verdi və çox şey ilk növbədə Rusiya və onun liderlərindən asılı idi. Bunun üçün isə ruslar bir neçə məqamı özləri üçün aydınlaşdırmalı idi. 

Birincisi, ruslar ən əvvəl özləri üçün bir mühüm sualı aydınlaşdırmalı idilər: nəyə görə ən müxtəlif ölkələr, o cümlədən də post-sovet ölkələri inteqrasiya üçün NATO-nu seçirlər, KTMT-dan yayınmağa çalışırlar? Prinsipcə, Rusiya və onun müxtəlif strukturları onlar üçün daha cəlbedici olmalıdır, ən azı ona görə ki, onları Moskva ilə iki yüz illik ortaq tarix birləşdirir!

İkincisi, İsveçin və Finlandiyanın nümunəsində görmək olar ki, NATO-nun genişlənməsinin qarşısını almaq mümkün deyil. Ukraynaya hücum etməklə Rusiya guya qərb sərhədlərini gücləndirmək istəyirdi, amma əvəzində indi nə baş verdi? NATO onun şimal sərhədlərinə yaxınlaşdı!

Elə bu səbəbdən də bir çox məsələlərin kökü bir mühüm məqamdadır: Moskva özünün dünyadakı yeri və rolu haqqında düşünmək istəmir. Nə olsun ki, onun çoxlu nüvə başıqları var? İqtisadi inkişafına görə ondan onlarla irəlidə olan ölkələr var. Nəyə görə onlar hədəf seçilmirlər? Niyə görə onlara qarşı dünyada normal münasibət var? Əlbəttə, etiraz etmək olar ki, məsələn, Çinə qarşı da qısqanc münasibət var. Amma Çin hələ ki bu qısqanclığı sivil yollarla aradan qaldırmağa çalışır, qonşu dövlətlərə hücum etmir, onların ərazisini tutmur. Rusiya da belə edə bilməzmi?..