Xəbər lenti

Dünya 18:43 25.01.2026

"1 nömrəli general" istintaq altında - Çin ordusunda təmizləmə

Çin lideri Si Szinpin özünün ən nüfuzlu hərbi müttəfiqi ilə bağlı araşdırmaya start verib. Bu addım son onilliklərdə ölkənin silahlı qüvvələrində həyata keçirilən ən genişmiqyaslı yenidənqurma kimi qiymətləndirilir. Məqsəd orduda korrupsiya və siyasi sədaqətsizliklə mübarizəni gücləndirməkdir.
 
Qaynarinfo xəbər veir ki, bu barədə "The Wall Street Journal” yazır.

Çin Kommunist Partiyasının Mərkəzi Hərbi Komissiyasının sədr müavinlərindən böyük və faktiki olaraq ölkənin "1 nömrəli generalı” sayılan general Çjan Yusya "partiya intizamının və dövlət qanunlarının ciddi pozulması” ittihamı ilə istintaq altındadır.

Onunla yanaşı, Çinin silahlı qüvvələrinin Birləşmiş Qərargah rəisi, döyüş əməliyyatlarının planlaşdırılmasına və hərbi fəaliyyətlərə cavabdeh olan general Lyu Çjenlinin fəaliyyəti də araşdırılır. Ona da oxşar pozuntular irəli sürülür.

Ordunun modernləşdirilməsi elitasına zərbə

Çjan və Lyu Çin ordusunun modernləşdirilməsi proqramında əsas fiqurlar hesab olunurdu və real döyüş təcrübəsinə malik azsaylı generallar sırasında idilər. Onların vəzifədən uzaqlaşdırılması Si Szinpinin korrupsiyalaşmış və ya siyasi baxımdan etibarsız sayılan zabitlərdən ordunu təmizləmək niyyətinin miqyasını nümayiş etdirir.

Son illər Çində onlarla yüksək rütbəli hərbçi və müdafiə sənayesi rəhbəri dəyişdirilib ki, bu da Pekinin Qərblə bərabər səviyyədə rəqabət apara bilən döyüş qabiliyyətli qüvvələr yaratmaq hədəfini sual altına qoyur.

Sərt ictimai tənqid

Çin Xalq Azadlıq Ordusunun rəsmi qəzeti Çjan və Lyu ilə bağlı kəskin tənqidi redaksiya məqaləsi dərc edib. Yazıda onların Si Szinpinin nüfuzuna xələl gətirdiyi, orduda siyasi və korrupsiya problemlərinə şərait yaratdığı, həmçinin Kommunist Partiyasının silahlı qüvvələr üzərində nəzarətini zəiflətdiyi bildirilir.

"Onların qanunsuz hərəkətləri partiya, dövlət və silahlı qüvvələr üçün son dərəcə mənfi nəticələr doğurub”, deyə nəşr vurğulayıb.

Çin ordusu ilə bağlı digər xəbərlər

Daha əvvəl bildirildiyi kimi, Çin pilotsuz aparat sürüləri, robot-itlər və digər avtonom sistemlərin tətbiqi üçün süni intellektdən istifadəyə xüsusi diqqət yetirir. Dron sürüləri arasında real vaxt rejimində toqquşmaların modelləşdirilməsi üçün isə Çin mühəndisləri təbiətdən ilham alaraq heyvanların davranışlarını öyrənirlər.

Bundan başqa, Çin dənizə çoxsaylı silahlarla təchiz olunmuş unikal döyüş konteynerdaşıyan "ZHONG DA 79” gəmisini buraxıb. Uzunluğu 97 metr olan gəmidə hər birində dörd şaquli raket buraxılış qurğusu yerləşən 15 konteyner quraşdırılıb, yəni ümumilikdə 60 buraxılış qurğusu mövcuddur.

Aydın
--> -->