Manhettanın (ABŞ) hərəkətli küçələri bu dəfə kino səhnələrini xatırladan soyğun hadisəsinə şahidlik edib.
Qaynarinfo xəbər verir ki, şəhərin kolleksiya həvəskarları arasında yaxşı tanınan "Poke Court” mağazası günorta saatlarında üç silahlı quldurun hədəfinə çevrilib. Minlərlə dollar dəyərində nadir məhsulun qısa müddətdə oğurlanması ərazidəki sahibkarlar və kolleksiyaçılar arasında böyük təəccüb doğurub.
Nyu-York polisinin araşdırdığı təhlükəsizlik kamerası görüntüləri hadisənin əvvəlcədən planlaşdırıldığını göstərir. Tamamilə qara geyimli və üzləri maskalı üç şübhəli 13-cü küçədə yerləşən mağazaya daxil olduqdan dərhal sonra ətrafda qorxu yaradıb. Silah gücü ilə mağazada olanların hərəkətini məhdudlaşdıran hücumçulardan biri özü ilə gətirdiyi çəkiclə qiymətli məhsulların sərgiləndiyi şüşə vitrinləri sındırıb. Qırılan şüşə səsləri arasında rəfləri boşaldan quldurlar təkcə məhsulları deyil, kassadakı nağd pulu və bir mağaza əməkdaşının mobil telefonunu da ələ keçiriblər.
Mağaza sahibi Kortni Çin hadisədən sonra verdiyi açıqlamada dəymiş ziyanın miqyasını bölüşüb. Oğurlanan məhsullar arasında bazarda tapılması son dərəcə çətin olan və dünya üzrə böyük maraq görən nadir "Pokemon” kolleksiya parçaları yer alır. Kortni Çin ümumi ziyanın təxminən 100 min dollar olduğunu bildirib və bunun biznesi üçün ciddi zərbə sayıldığını vurğulayıb. Xüsusilə kolleksiya dünyasında hər biri unikal dəyərə malik olan bu məhsulların qeyri-qanuni yollarla yenidən dövriyyəyə buraxılmasından narahatlıq ifadə olunub.
Hadisədən sonra sürətlə qaçan şübhəlilərin tutulması üçün Nyu-York Polis Departamenti genişmiqyaslı istintaqa başlayıb. Təhlükəsizlik kameralarından əldə edilən eşkal məlumatları və qaçış marşrutları diqqətlə araşdırılır. Şəxsiyyətləri hələ müəyyənləşdirilməyən quldurların saxlanılması üçün vətəndaşlardan kömək istəyən hüquq-mühafizə orqanları, xüsusilə ikinci əl kolleksiya bazarında şübhəli satışlara qarşı diqqətli olunması barədə xəbərdarlıq edib.
Aydın
Şərhlər