"Azərbaycan və Türkiyə Paşinyanı deyil, regionda davamlı sülhü dəstəkləyir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı açıqlamasını şərh edərkən deyib.
Politoloq bildirib ki, Azərbaycan və Türkiyənin bu istiqamətdə atdığı addımlar konkret bir siyasi fiqurun dəstəklənməsi deyil, regionda sülhün dayanıqlı və davamlı olmasına xidmət edir:
"Azərbaycan və Türkiyənin bu yöndə atdığı addımlar sadəcə Paşinyanı dəstəkləmək məqsədi daşımır. Məqsəd regionda sülhün davamlı və dayanıqlı olmasını təmin etməkdir. Əgər Paşinyan bu kontekstdə həqiqətən də əhəmiyyətli rol oynayırsa, Hakan Fidanın açıqlamasını da məhz bu prizma ilə qiymətləndirmək lazımdır. Çünki bu yanaşma həm Azərbaycan və Türkiyənin, həm də bütövlükdə regionun maraqlarına uyğundur".
Natiq Mirinin sözlərinə görə, Hakan Fidanın açıqlaması gələcək perspektivləri, o cümlədən Türkiyə və Azərbaycanın strateji maraqlarını ifadə edir:
"Söhbət Paşinyanın birbaşa müdafiəsindən və ya açıq siyasi dəstəyindən getmir. Hakan Fidanın açıqlamasından öncə humanitar müstəvidə Azərbaycanla Ermənistan arasında mühüm bir addım atıldı. Azərbaycan dövləti Qarabağ əhalisinə qarşı cinayətlərdə iştirak etmiş dörd erməni məhbusu həbsdən azad etdi. Regionda sabit sülhün və əməkdaşlığın davamlı olması üçün müəyyən siyasi və humanitar addımların atılması zəruridir. Bu baxımdan Azərbaycan Qarabağda daha az ağır cinayətlər törətmiş şəxsləri azad etməklə dolayısı ilə erməni cəmiyyətində Paşinyanın mövqelərinin güclənməsinə şərait yaratmış oldu".
Politoloq hesab edir ki, bu kimi addımlar regionda sülhə töhfə verir və prosesin davamlı olmasına zəmin yaradır:
"Hazırda Ermənistanda sülh prosesinin əsas hərəkətverici qüvvəsi Paşinyan və onun komandasıdır. Atılan bu addımlar erməni ictimai şüurunda tədricən də olsa, müsbət dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər 2026-cı ildə keçiriləcək parlament seçkilərində həlledici rol oynaya bilər. Bu baxımdan Hakan Fidanın açıqlamasına dövlət şüuru prizmasından yanaşmaq lazımdır. Dövlət şüuru isə təhlükəsiz və sabit gələcəyə yönəlmiş yanaşmadır".
Mövzuya münasibət bildirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirib ki, bir vaxtlar qarşıdurma yaşayan ölkələr arasında müsbət danışıqlar prosesi gedirsə, tərəflərdən birinin digəri haqqında müsbət siyasi mesajlar verməsi tamamilə normaldır:
"Əgər qarşıdurmada olmuş ölkələr arasında hazırda konstruktiv dialoq aparılırsa, tərəflərdən birinin digərinə münasibətdə müəyyən siyasi komplimentlər səsləndirməsi diplomatik baxımdan tez-tez rast gəlinən haldır. Bu mənada Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ermənistanın baş naziri Nikol Paşinyanın konstruktiv rolundan danışmasında hər hansı problem görmürəm. Göründüyü kimi, Ermənistan parlamentinin sədri də bu açıqlamaya görə Ankaraya minnətdarlıq edib. Yəni bu cür yanaşmalar tamamilə normaldır".
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün keçirilən mətbuat konfransında Ermənistanda iyun ayında baş tutacaq parlament seçkilərindən danışarkən baş nazir Nikol Paşinyanın konstruktiv rolunu səmimi şəkildə dəstəklədiklərini bildirib:
"Cənab Paşinyan hazırda ictimai rəy sorğularında öndədir. Biz onun bu prosesdə oynadığı konstruktiv rolu səmimi şəkildə dəstəkləyirik. Bu yanaşma və bu siyasi iradə qorunub saxlanmalıdır".
Rüfət Sultan
Şərhlər