Xəbər lenti

Dünya 14:54 30.03.2024

102-ci baza Paşinyanı devirə bilərmi? (ŞƏRH)

"Ermənistan heç zaman suveren ölkə olmayıb. Moskvanın Ermənistanın suverenliyindən danışması absurddur. Rusiya belə açıqlamalarla özünü təkzib edir". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya XİN-in 102-ci baza və Rusiya sərhədçilərinin mövcudluğunun Ermənistanın suverenliyinin yeganə real təminatı olduğu barədə səsləndirdiyi fikri şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Ermənistanın bütün hüquqları həmişə Rusiyanın ixtiyarında olub:

"İrəvan istənilən qərarı verməzdən öncə onu Rusiya ilə razılaşdırır. Ermənistan hər zaman Rusiyanın vassalı olub. Burada hakimiyyət dəyişikliyi Rusiyanın siyasi iradəsi fonunda baş verir. Nikol Paşinyana qədər Ermənistan heç zaman suveren dövlət olmayıb. Ona görə də Moskvanın Ermənistanın suverenliyindən danışması yalan olduğu qədər həm də absurddur. Hazırda Ermənistan Rusiyanın təhlükəsizlik sistemindən uzaqlaşmaqla özü üçün yeni alternativlər axtarır. Bu kontekstdə də Qərbə meyllənir".
 

 
Natiq Miri qeyd edib ki, indiki vəziyyətdə Qərbin Ermənistana təhlüksəzilik təminatı verəcəyinə inanmır:

"Çünki ABŞ-ın on min kilometr aralıqda Ermənistana təhlükəsizlik təminatı verəcəyi anlaşılan deyil. Hətta Avropa İttifaqı bununla bağlı üzərinə konkret öhdəlik götürsə də belə, bu da problemlidir. Bu istiqamətdə hansı nəticələrin ortaya çıxacağını isə ABŞ-Ermənistan-Aİ arasındakı 5 aprel görüşündən sonra aydınlaşdırmaq mümkün olacaq. Ermənistan məhsullarının Rusiyaya çıxarılmasına qadağa qoyulsa, İrəvan onu harada satacaq? İqtisadi dirçəliş üçün də Ermənistana konkret yardım və proqramlar təqdim olunmalıdır. Rusiya XİN-in açıqlaması dolayısı ilə İrəvanı təhdid etmək deməkdir".

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi "RİA Novosti”yə "Ermənistanın dostları şəbəkəsi"nin hesabatının müddəalarını şərh edərkən 102-ci baza və Rusiya sərhədçilərinin mövcudluğunun Ermənistanın suverenliyinin yeganə real təminatı olduğunu bəyan edib. "Aİ ilə Ermənistan arasında münasibətlərin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” hesabatını şərh edərək Rusiya Xarici İşlər Nazirliyi "təhlükəsizlik təkliflərinin sağlam düşüncəyə tamamilə zidd olduğunu” bildirib. "102-ci Rusiya hərbi bazasının və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır. Onların çıxarılması respublikanın hərbi potensialını hansısa formada gücləndirəcəyi fikri təhlükəli demaqogiyadır”, deyə nazirlik qeyd edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->