Maqazin 10:45 16.12.2023

2023-cü ildə dünyasını dəyişən məşhurlarımız (SİYAHI)

2023-cü ili yola salmağımıza sayılı günlər qalıb. Bu ildə Azərbaycanın ictimai-siyasi, eləcə də mədəniyyət sahəsində xeyli uğurlar qazanıldı. Bununla belə itirdiyimiz məşhurlar da oldu.

Qaynarinfo musavat.com-a istinadən onlardan bir neçəsini təqdim edir:

Ramiz Məlik



İki gün öncə, dekabrın 14-də Azərbaycan mədəniyyətinə ağır itki üz verdi. Görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət” ordenli Ramiz Məlik 80 yaşında vəfat etdi. Qeyd edək ki, Ramiz Məlik həm teatr, həm də kino sahəsində yaratdığı müxtəlif obrazları ilə yadda qalıb. Aktyor "O qızı tapın”, "Qatır Məmməd”, "Sevinc buxtası”, "Babək”, "Qəm pəncərəsi”, "Qara gölün cəngavəri” və s. bədii filmlərində, "Günahsız Abdulla” (M.Cavaxaşvili), "Kimin sualı var?” (N.Həsənzadə) "İnanmırsansa…” (Ə.Hacızadə) və s. televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.

Milli teatr və kino sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən sənətkar 1982-ci ildə "Əməkdar artist”, 1998-ci ildə "Xalq artisti” fəxri adlarına, 1984-cü ildə respublikanın Dövlət mükafatına ("İblis” tamaşasına görə; yaradıcı heyətin bir qrup üzvü ilə birlikdə), 2019-cu ildə "Şöhrət” ordeninə, 2023-cü ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Tünzalə Əliyeva



"Toppuş bacı” kimi məşhurlaşan aktrisa, Əməkdar artisti Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra yanvar ayının 22-də 49 yaşında dünyasını dəyişdi. Aktrisa "Kişiləri qoruyun", "Yoxlama", "Qocalar" və sairə bədii filmlərində, həmçinin məşhur "3 bacı", "Qız atası", "Qardaşlar" seriallarında sevilən obrazlar yaradıb.

Qeyd edək ki, aktrisanın qızı Zəhra hazırda "İkinci bahar" serialında iştirak edir.

Ramiz Novruz



Xalq artisti, teatr və kino aktyoru Ramiz Novruz da bu il itirdiyimiz məşhurlar sırasındadır. Xalq artisti fevralın 20-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Ramiz Novruz "Sizi dünyalar qədər sevirdim", "Qorxma, mən səninləyəm", "Topal Teymur", "Nizami", "Cavid ömrü", "Cavad xan" və sairə bədii filmlərində, "Pərvanələrin rəqsi", "Vicdan haqqı" teleresiallarında unudulmaz obrazlar yaradıb. 2018-ci ildən Prezident təqaüdçüsü idi.

Madər Musayev



İyulun 14-də Milli Məclisin deputatı Madər Musayev 75 yaşında qəfil ürəktutmasından vəfat edib.

İranə Tağızadə



9 aprel tarixində dünyadan köçən məşhurlardan biri də Azərbaycan Respublikasının Xalq artisti İranə Tağızadədir. Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə 65 yaşında ürəktutmasından vəfat edib.

Oqtay Əliyev



Televiziya prodüseri, rejissor Oktay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında yol qəzasında həlak olub. Oqtay Əliyevin idarə etdiyi "Lexus Lx470" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində Oqtay Əliyev dünyasını dəyişib, avtomobildə olan Xalq artisti Mehriban Zəki və Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıblar. Qeyd edək ki, Oktay Əliyev 2020-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdü. 

Emil Rəhmanoğlu



Əməkdar artist Rəhman Rəhmanın müğənni oğlu Emil Rəhmanov sentyabrın 19-da 44 yaşında dünyasını dəyişib. Atası Rəhman Rəhmanovun sözlərinə görə Emilin ürəyində problem olub və onu xilas etmək mümkün olmayıb.

Rüfət Babayev



Əməkdar artist, "Qaya” dövlət ansamblının direktoru Rüfət Babayev 19 fevral tarixində Moskvada ürəktutmadan dünyasını dəyişib.

Surət Hüseynov



Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov 31 iyul 2023-cü ildə 64 yaşında İstanbulda vəfat edib.

Hacı Şahin Həsənli



Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Şahin Həsənli bu ilin martın 2-də dünyasını dəyişib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi 48 yaşında infarktdan həyatını itirib. İlahiyyatçı Yasamal qəbiristanlığında dəfn olunub.

Aftandil İsrafilov



Məhşur qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilov aprelin 29-da səhhətində yaranan problemlər səbəbilə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişdi. Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə "Şöhrət" ordeninə layiq görülüb. O, 2003-cü ildən Prezident təqaüdçüsü idi.

Alagöz Salahova



Aktrisa, Xalq rəssamı Tahir Salahovun qızı rəssam Alagöz Salahova 19 sentyabr 2023-cü il tarixində 70 yaşında vəfat edib. O, uzun müddət xəstəlikdən əziyyət çəkib. O, "Dantenin yubileyi”, "Özgə ömür”, "Bağlı qapı kimi filmlərdə aktrisa kimi də çıxış edib.

Xoşbəxt Yusifzadə



SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 3 oktyabr 2023-cü ildə dünyasını dəyişmişdir. O, Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.

Ramiz Qafarov



İllərlə ölkənin mərkəzi stadionunda, idman və mədəniyyət saraylarında səsi ilə diqqətləri üzərinə çəkən tanınmış diktor 26 oktyabrda ürəktutmasından dünyasını dəyişib.

Natəvan Babayeva



Tanınmış jurnalist, televiziya aparıcısı Natəvan Babayeva isə iyulun 20-də uzun sürən xəstəlikdən sonra 45 yaşında dünyasını dəyişib.

Azərpaşa Nemətov



Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azər Paşa Nemətov 9 aprel 2023-cü ildə 75 yaşında vəfat etmişdir. O, İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Qənirə Paşayeva



Millət vəkili Qənirə Paşayeva isə sentyabrın 28-də uzun sürən ağır xəstəlikdən sonra 48 yaşında dünyasını dəyişib. Onun qəfil vəfatı bütün ölkədə dərin hüznlə qarşılandı. Qeyd edək ki, Qənirə Paşayeva Gürcüstanın "Şərəf" ordeni ilə təltif olunub, 10-dan artıq elmi və publisistik kitabın, yüzlərcə məqalənin müəllifi, 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub.

Elxan Qasımov



May ayınını 29-da tanınmış kinorejissor, Əməkdar artist Elxan Məmməd oğlu Qasımov səhhətində yaranan problem səbəbindən vəfat edib.

Zeynəb Dostəliyeva



Xalq artisti Nazpəri Dostəliyevanın bacısı olan müğənni Zeynəb Dostəliyeva 5 fevral 2023-cü ildə qaraciyər serrozundan dünyasını dəyişib.

Ellada Mustafayeva



Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri, jurnalist Ellada Mustafayeva fevralın 28-də vəfat edib.

Mübariz Əhmədov



1999-cu ildən Rusiyanın Vladivostok şəhərində nəşr olunan "Azərbaycan” qəzetinin təsisçisi və ilk baş redaktoru, jurnalist Mübariz Əhmədov sentyabrın 13-də 54 yaşında ürək tutmasından vəfat edib.

Kamil Vəli Nərimanoğlu



Son olaraq dünən axşam saatlarında, tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AYB üzvü, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlu vəfat edib. Kamil Vəli Nərimanoğlu ürəktutmasından dünyasını dəyişib.