Dərs ilinin başlaması ilə Bakıda yollarda nəqliyyat sıxlığının daha da artacağı gözlənilir. Xüsusilə səhər və axşam saatlarında sərnişinlərin ictimai nəqliyyatdan istifadəsinin artması yollarda vəziyyətin çətinləşəcəyi ilə bağlı narahatlıq yaradır.
Bu çətinliyin qarşısını almaq üçün həmin dövrdə Bakıda avtobusların sayının 2300-dən 2500-ə çatdırılması planlaşdırılır.
Bəs xətlərə əlavə edilən avtobuslar sərnişindaşıma probleminin həllinə nə qədər təsir göstərə bilər?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, avtobusların sayının artırılması problemi tam həll etməsə də, müəyyən qədər yüngülləşdirə bilər:
“Avtobusların sayının artırılması sərnişindaşıma problemini kökündən həll etməyəcək, amma qismən həll edə bilər. Burada əsas məsələlərdən biri yolların vəziyyətidir. Əgər yolların ötürücülük qabiliyyətini artırmasaq, avtobusların sayını nə qədər çoxaltsaq da, bu, o qədər effektiv nəticə verməyə bilər.
Bakı şəhərində demək olar ki, hər gün tıxac və sıxlıq müşahidə olunur. Hətta yay aylarında, tətil dövründə belə yollarda sıxlıq var idi. Bunun müxtəlif səbəbləri var. Bəzən yollar qəfil bağlanır, təmir-tikinti işləri aparılır, müxtəlif tədbirlər səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırılır.
Bakı, demək olar ki, tədbirlər şəhəridir. Həftə ərzində müxtəlif tədbirlər keçirilir. Belə hallarda yollar bağlanır və yol bağlanırsa, nəqliyyatın hərəkəti də çətinləşir. Ona görə də avtobusların sayını artırmaqla yanaşı, yolların hərəkət imkanlarının da yaxşılaşdırılması vacibdir.
Hazırda vətəndaşlar avtobusların gec gəlməsindən şikayət edirlər. Halbuki bəzi marşrutlarda kifayət qədər avtobus var. Sadəcə olaraq, yollardakı sıxlıq səbəbindən avtobusların hərəkət intervalı uzanır və onlar dayanacaqlara gec çatırlar. Yəni yol məsələsi həll edilmədən nəqliyyat problemini tam həll etmək çətindir”.

"Yollarda olan bu sıxlığın qarşısını almaq üçün paytaxtın marşrut şəbəkəsində hansı dəyişikliklərə ehtiyac var" sualına isə cavab olaraq Eldəniz Cəfərov bildirib ki, hazırda Bakının marşrut şəbəkəsində radikal dəyişikliklərə ehtiyac yoxdur. Bu istiqamətdə işlər mərhələli şəkildə aparılır:
“Marşrut şəbəkəsində radikal dəyişikliklərə ehtiyac yoxdur. Dəyişikliklər mərhələli şəkildə və müəyyən plan əsasında həyata keçirilir. Müşahidə edirik ki, əsasən sərnişin tələbatının daha yüksək olduğu ərazilərə avtobuslar yönləndirilir, yeni marşrutlar açılır.
Yeni ekspres marşrutların istifadəyə verilməsi də müsbət addımdır. Bu qərar vətəndaşların daha rahat və sərbəst hərəkətinin təmin olunmasına hesablanıb.
Hazırda yeddi ekspres marşrutun fəaliyyətə başlaması və hər bir marşrut üzrə çoxsaylı avtobusların cəlb edilməsi də bununla bağlıdır. Məqsəd sentyabr ayında tələbə, müəllim və şagirdlərin bir ərazidən digərinə vaxtında gedə bilməsini, təhsil müəssisələrinə gecikmədən çatmasını və günün sonunda evlərinə rahat qayıtmasını təmin etməkdir. Əsas məsələ yenə də yollardır. Yol olmayacaqsa, nəqliyyat da olmayacaq”.
Günay İlqarqızı
Şərhlər