Seul Ailə Məhkəməsi “Smilegate” oyun şirkətinin təsisçisi, 52 yaşlı milyarder Kvon Hek Binin keçmiş həyat yoldaşı Li Hva Cinə 2,55 trilyon von (təxminən 1,87 milyard dollar) ödəməli olduğuna qərar verib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Onlar 20 ildən çox nikahda olublar. Məhkəmənin qərarına əsasən, Li Hva Cin dəyəri 2,5 trilyon von qiymətləndirilən “Smilegate” şirkətində 35 faizlik pay əldə edəcək. Bundan əlavə, Kvon Hek Bin ona 65 milyard von (48,6 milyon dollar) nağd pul ödəməlidir.
“Nikkei”nin yazdığına görə, bu, Cənubi Koreya tarixində boşanma zamanı ödənilməsi barədə qərar verilmiş ən böyük məbləğdir.
Kvon Hek Bin 2002-ci ildə “Smilegate” şirkətini təsis edib. Şirkət “Crossfire” və “Lost Ark” da daxil olmaqla bir sıra məşhur oyunlar hazırlayıb. Hazırda “Smilegate” ölkənin ən dəyərli oyun istehsalçıları arasında üçüncü yerdədir. Kvon Hek Bin isə Cənubi Koreyanın ən varlı şəxslərindən biridir. “Bloomberg” onun sərvətini 3 milyard dollar qiymətləndirir.
Li Hva Cin 2022-ci ildə boşanmaq üçün məhkəməyə müraciət edib. O, şirkətdəki 50 faizlik payın ona verilməsini tələb edib.
Li Hva Cin bildirib ki, Kvon Hek Binlə 2001-ci ildə, yəni “Smilegate”in yaradılmasından bir il əvvəl evlənib və bütün bu müddət ərzində onların övladlarını böyüdüb və ev təsərrüfatını idarə edib.
Kvon Hek Bin isə həyat yoldaşının şirkətə investisiya qoymadığını və orada işləmədiyini iddia edib. Lakin Li Hva Cinin vəkilləri onun 2000-ci illərin əvvəllərində biznesin maliyyələşdirilməsində iştirak etdiyini və şirkətdə çalışdığını bildiriblər.
Bundan əvvəl Cənubi Koreyada boşanma üzrə rekord ödəniş texnologiya şirkəti “SK Group”un idarə heyətinin sədri Çe Te Vonun işi ilə bağlı olub. Məhkəmə onun keçmiş həyat yoldaşına 944 milyard von (645 milyon dollardan çox) ödəməli olduğuna qərar verib.
Aydın
Şərhlər