Xəbər lenti

Ekonomiks 16:37 06.05.2026

"3-4 aya mümkün olacaq" açıqlaması təxminən bir illik gecikmədən xəbər verir" - Ekspert

Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, Azərbaycanda vətəndaşların maaş almaq üçün bankı könüllü seçməsi 3-4 ay ərzində mümkün olacaq. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müvafiq inteqrasiyalar həyata keçirilir və nəticədə həm dövlət, həm də özəl sektorda çalışan şəxslər maaşlarını istədikləri bank vasitəsilə ala biləcəklər. Növbəti mərhələdə bu imkanın pensiyaçılara da şamil olunması planlaşdırılır. Layihənin ilkin mərhələdə Bakı şəhəri və Abşeron rayonu üzrə tətbiqi nəzərdə tutulur.

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bu addım uzun müddətdir gözlənilirdi:

"Bu məsələni hələ 2023-cü ilin sonunda Mərkəzi Bankla keçirilən görüşdə qaldırmışdım. Əslində proses ötən ilin oktyabrında tamamlanmalı idi. İndi "3-4 aya mümkün olacaq" açıqlaması təxminən bir illik gecikmədən xəbər verir”.

Ekspert qeyd edib ki, qanunvericiliyə əsasən vətəndaşların bank seçimi könüllü olmalıdır:

"Hər kəs maaşını hansı bank vasitəsilə almaq istədiyini özü müəyyən etməlidir. Heç kimi məcburi şəkildə hər hansı bankın müştərisinə çevirmək olmaz. Bu, qanunsuzdur".
 


Əkrəm Həsənov inteqrasiyanın banklararası rəqabətə təsirinə də toxunub. Onun sözlərinə görə, mövcud mexanizm praktikada rəqabəti azalda bilər:

"Hazırkı sistemdə xidmətlər müştəriyə faktiki olaraq məcburi təqdim olunur. Digər problem isə ondan ibarətdir ki, müştəri maaş və ya pensiya aldığı bankdan kredit götürüb gecikməyə yol verərsə, bank həmin vəsaiti birbaşa onun gəlirindən tuta bilir. Əks halda, bank məhkəməyə müraciət etməlidir və məhkəmə qərarı ilə adətən gəlirin yalnız müəyyən hissəsi tutulur. Amma mövcud praktikada bəzi hallarda daha böyük məbləğlər çıxılır".

Ekspertin fikrincə, həm qanunvericilik baxımından, həm də vətəndaşların hüquqlarının qorunması üçün insanların maaş və pensiyalarını istədikləri bankdan almaq imkanı daha düzgün yanaşmadır.
 
Günay İlqarqızı

--> -->