Ədliyyə Nazirliyinin adından istifadə etməklə törədilən növbəti dələduzluq cinayəti üzrə məhkəmə istintaqı başa çatıb. Hadisə Şamaxı rayonunda baş verib.
Qaynarinfo-nun məlumatına görə, təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində cəza çəkən şəxsin vaxtından əvvəl azadlığa buraxılmasına köməklik göstərə biləcəyini vəd edərək zərərçəkmişlərdən ümumilikdə 12 200 manat pul alıb.
O, zərərçəkmişlərə bu sahədə geniş əlaqələrinin olduğunu, istənilən məsələni həll edə biləcəyini bildirib. Həmçinin Ədliyyə Nazirliyində çalışan və cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı işlər gördüyünü iddia etdiyi "Oktay" adlı şəxsin adını çəkib.
Lakin məhkəmə araşdırması zamanı məlum olub ki, belə bir şəxs mövcud olmayıb. Təqsirləndirilən şəxs də məhkəmədə “Oktay” adlı şəxsi özünün uydurduğunu etiraf edib.
İttihama əsasən, 2025-ci ilin martından may ayınadək zərərçəkmişlərdən biri 4 200 manat, digəri isə 8 000 manat olmaqla, ümumilikdə 12 200 manat pul verib. Vəsaitin bir hissəsi nağd şəkildə alınıb, digər hissəsi isə təqsirləndirilən şəxsin göstərişi ilə müxtəlif şəxslərin bank kartlarına köçürülüb.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ittihamı qəbul edib. O bildirib ki, həmin şəxsin cəzaçəkmə müəssisəsində olan qohumunu azadlığa çıxara biləcəyini deməsinin səbəbi maddi sıxıntı yaşaması olub.
Onun sözlərinə görə, əvvəlcə bu işin görülməsi üçün 7 000 manat lazım olduğunu deyib. Daha sonra ilkin ödəniş adı ilə 2 000 manat almaq qərarına gəlib. Pulun bir hissəsini özü nağd götürüb, digər hissəsinin isə müxtəlif şəxslərin bank kartlarına göndərilməsini istəyib.
Təqsirləndirilən şəxs daha sonra müxtəlif bəhanələrlə vəd etdiyi şəxsin azadlığa buraxılması məsələsinin həll olunacağını bildirib. 2025-ci ilin iyunundan etibarən zərərçəkmişlər ondan məsələnin nə yerdə olduğunu soruşmağa başlayıblar.
Məhkəmədə o da məlum olub ki, təqsirləndirilən şəxs aldığı 12 200 manatın hamısını şəxsi ehtiyaclarına xərcləyib. Zərərçəkmişlər pullarını geri tələb etdikdə isə həmin vəsaiti qaytara bilməyib.
O, pulun köçürüldüyü bank kartlarının sahiblərindən yalnız birini tanıdığını, digərlərini isə tanımadığını bildirib. Kartlardan istifadə etmək üçün həmin şəxslərə müxtəlif bəhanələr gətirdiyini də etiraf edib.
Məhkəmə zamanı təqsirləndirilən şəxsin zərərçəkmişlərə dəymiş ziyandan qismən ödəniş etdiyi və tərəflər arasında razılıq əldə olunduğu bildirilib.
O, törətdiyi əməldən peşman olduğunu, himayəsində azyaşlı uşağının olduğunu qeyd edərək yüngül cəza istəyib.
Məhkəmə şəxsi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib.
Ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Həbsdə saxlanıldığı 81 gün müddət bir günə iki gün hesabı ilə 162 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub və təyin edilmiş cəzadan çıxılıb.
Nəticədə təqsirləndirilən şəxsin üzərində qəti olaraq 2 il 6 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər