Hər gün paytaxt Bakı və respublikanın yollarında müxtəlif yol-nəqliyyat hadisələri baş verir. Bu qəzalar əksər hallarda insan itkisi ilə nəticələnir. Rəsmi statistik məlumatlara əsasən, bu ilin ilk üç ayı ərzində paytaxt yollarında qeydə alınan 68 yol-nəqliyyat hadisəsindən 43-ü piyadaların vurulması ilə bağlı olub. Nəticədə 21 piyada həyatını itirib, 24 nəfər isə xəsarət alıb.
Paytaxtda piyada vurulması hallarının artmasının səbəbləri nədir? Problem daha çox sürücülərdən, yoxsa piyadalardan qaynaqlanır?
Qaynarinfo-nun suallarını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, piyada vurulması hallarının çoxalmasının əsas səbəbləri həm sürücülər, həm də piyadaların yol hərəkəti qaydalarına tam əməl etməməsidir.
Onun sözlərinə görə, sürücülər tərəfindən sürət həddinin aşılması, yol nişanlarına lazımi diqqətin yetirilməməsi bu halları artırır:
"Eyni zamanda, piyadalar da bəzən yol hərəkəti qaydalarını pozur, yolu düzgün və təhlükəsiz şəkildə keçmirlər. Hətta piyada keçidlərindən istifadə zamanı da müəyyən qaydalara riayət olunmalıdır. Şəhər mühitində sürücülər minimum sürətlə hərəkət etməli və mümkün riskləri əvvəlcədən nəzərə almalıdırlar".
Ekspert problemin azaldılması üçün bir sıra təkliflər də irəli sürüb:
"Şəhərdaxili bəzi yollarda sürət həddi aşağı salınmalı, piyada keçidlərinə yaxın ərazilərdə xəbərdaredici nişanlar artırılmalı və sürət azaldılması ilə bağlı əlavə yol nişanları quraşdırılmalıdır. Onun sözlərinə görə, bu tədbirlər həyata keçirilərsə, müsbət nəticə əldə oluna bilər".
Günay İlqarqızı
Şərhlər