XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

500-700 bal toplayan 106 abituriyent niyə ali məktəblərə qəbul olunmayıb?
Ölkə14:55 27.08.2026

500-700 bal toplayan 106 abituriyent niyə ali məktəblərə qəbul olunmayıb?

"Bu il qəbul imtahanlarında 500-700 bal toplayan 106 abituriyent ali təhsil müəssisələrindən kənarda qalıb".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib.

Onun sözlərinə görə, hər il ali təhsil müəssisələrinə qəbuldan sonra bu kimi məsələlər geniş müzakirəyə səbəb olur:

"Haqlı olaraq həm valideynlər, həm də abituriyentlər arasında gərginlik yaşanır. Bu il təkcə 500-700 arasında bal toplayan 106 nəfər qəbuldan kənarda qalıb. Ancaq 152 bal toplayan abituriyentlər ali təhsil müəssisəsinə qəbul oluna bilib. Bu cür qruplar üzrə aparılan tələbə qəbulunun nəticəsi belə də olmalıdır. Çox təəssüf ki, hər il bu məsələ təkrarlanır".

Məzahir Məmmədli deyir ki, hələ bu günə qədər belə bir hal müşahidə olunmayıb:

"Ötən il belə bir hadisə baş vermişdi ki, III qrup üzrə 600 bal toplayan abituriyent cəmi bir ixtisas seçdiyinə görə kənarda qalmışdı. Burada ixtisas seçən abituriyentin qarşısında təkidli şərt qoyulduğundan belə bir vəziyyət yaranıb. Ona görə də ali təhsil müəssisələrinə qruplar üzrə qəbul prosesi ləğv olunmalıdır".

Ekspert təklif edib ki, Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi və Nazirlər Kabineti birgə işçi qrupu yaradaraq vəziyyətdən çıxış yolunu tapmalıdır:

“Əks halda, bu cür tendensiyalar davam edəcək. Hər bir abituriyentin aylıq büdcəsi 480-500 manat və daha çox təşkil edir. Bu da onlar üçün növbəti ildə böyük maliyyə itkisi deməkdir. Ağır çətin vəziyyətdə bu kimi halları, düşünürəm ki, nəzərə almaq lazım gələcək. Bu qədər abituriyentin kənarda qalması SOS siqnalıdır, bunun mütləq nəticəsi olmalıdır”.

Qeyd edək ki, bu il qəbul imtahanlarında iştirak edərək 600-dən çox bal toplayan 30 abituriyent ali məktəbə qəbul olunmayıb. Bu abituriyentlərin hamısı IV ixtisas qrupu üzrə imtahanlarda iştirak edənlərdir.

Bahar Rüstəmli