XƏBƏR LENTİ

09:20
Kölgə

Şərhlər

Xəbər lenti

09:20
Kölgə
Kölgə
Könül Nuriyeva
Ölkə09:20 18.08.2026

Kölgə

Avstriya yazıçısı Qustav Meyrinkin 1915-ci ildə nəşr olunan məşhur “Qolem” romanını oxuyandan sonra onun haqqında yazmamaq ədalətsizlik olardı. Bu əsər dünya ədəbiyyatında ekspressionist janrın ən parlaq nümunələrindən biri hesab olunur. Ədəbiyyatşünaslara məlumdur ki, bu cərəyanın mahiyyətində obyektiv reallığı olduğu kimi təsvir etməkdən imtina fikri dayanır. Cərəyanın nümayəndələri insanın subyektiv duyğularını, daxili dünyasını və insanın ətraf aləmə qarşı hiss etdiyi emosional reaksiyaları ön plana çıxarırlar.

Hadisələr Praqanın qədim yəhudi məhəlləsində baş verir. Əsər yəhudi folklorundakı “Qolem” əfsanəsinə əsaslanır. Gildən düzəldilən və sehrli sözlərlə canlandırılan süni insan obrazı haqqındakı əfsanə əsərin əsas xəttini təşkil edir.

Qaranlıq, sirli, mistik və psixoloji gərginliyi ilə seçilən əsərdə Meyrink Praqanın labirintvari küçələrini təsvir edir və mənim gözlərimin önündə İçərişəhərlə bağlı xatirələr canlanır. Müəllif köhnə evləri və oradakı insanların ruh halını çox təsirli bir şəkildə təsvir edir və mənim yadıma İsa Muğannanın “İdeal” əsəri düşür.

Hər bir kitabı oxuyanda həmişə düşünürəm ki, onun fəlsəfi qatları varmı, müəllif fəlsəfi fikirlərini bizə hansı yollarla çatdırmaq istəyib? Əsərin sonunda birmənalı olaraq bu fikrə gəlirəm: bu roman bir əfsanə deyil, o, insanın öz daxili dünyasını kəşf etməsi haqqında fəlsəfi dünyagörüşüdür. Bu əsərdə şüur və şüuraltı arasındakı mübarizə, mistisizm və varlıq haqqında dərin fəlsəfi suallar qoyulur. Əsərdə məhz bu məsələlərə həsr olunmuş bir hissəni diqqətinizə çatdırıram:

“İnsan öz daxilindəki boşluqdan qorxur, çünki orada nə olduğunu bilmir. Biz gündəlik həyatın səs-küyündə elə bir maska taxırıq ki, o maska zamanla bizim əsl üzümüzə çevrilir. Lakin gecənin sükunətində, yuxunun o nazik pərdəsi aralandıqda, o qədim, daşlaşmış “Qolem” – bizim öz şüuraltımızın dərinliyində basdırdığımız, rədd etdiyimiz və unutduğumuz varlıq – oyanmağa başlayır.

O, xaricdən gələn bir güc deyil; o, bizim özümüzün, lakin tanımadığımız, qorxduğumuz həmin kölgə tərəfimizdir. Biz onu yaradırıq, biz ona öz əzablarımızı, öz gizli arzularımızı və etiraf edə bilmədiyimiz günahlarımızı üfürürük. İndi isə o, gizli otaqlarda gəzir, bizim unutduğumuz xatirələrimizin tozlu dəhlizlərində özünü axtarır. İnsan öz şüuraltısının uçurumuna baxmağa cəsarət etmədikcə, Qolem həmişə onun kölgəsi kimi arxasında qalacaq və bir gün, əgər özünü dərk etməsə, həmin o kölgə onun yerini tutacaq.”

Əsərdən təqdim etdiyim bu hissə Meyrinkin əsərindəki ekspressionist yanaşmanı – insanın “mən”inin parçalanmasını göstərir. Əslində demək olar ki, hamımız bu halları yaşayırıq. Amma onu sözlərə çevirib kiməsə danışa bilmirik. Bunu bəzən savadımız çatmır, bəzən söz ehtiyatımız yetmir, bəzən isə nə olduğunu, nələr baş verdiyini dərk etmirik. Bədii əsərlər həm də ona görə lazımdır və yazılmalıdır ki, insanların ifadə edə bilmədiyi mənəvi-daxili prosesləri əks etdirsin.

İnsanın şüuraltının qaranlıq dəhlizlərində özünü itirməsi mövzusunu bu əsər gözəl əks etdirir. Mən bu əsəri oxuyanda özümə etiraf etmədiklərimi istər-istəməz düşünməli oluram. Qolem burada insanın özünə yadlaşması və daxili dünyasının sirləri ilə üz-üzə qalmasının metaforasıdır. Müəllif bu metaforanı güclü işləyib və adi görünən əfsanədən dərin əsər yaradıb.

Meyrink üçün yaddaş sadəcə keçmiş hadisələrin xatırlanması deyil. Müəllifə görə yaddaş insanın varlığının özü qədər qədim olan “daşlaşmış maddədir”. İnsan doğulanda özü ilə birlikdə nəslinin, əcdadlarının və bəlkə də qeyri-şüuri olaraq kollektiv insanlığın “yaddaş daşlarını” da gətirir. Yəqin ki, müəllifin əsərindəki bu məqamı çoxumuz düşünmüşük.

Bu əsərdəki “Praqa gettosu” məkan kimi göstərilsə də, əslində bir məkandan daha çox, zamanın donduğu bir labirintdir. Burada yaddaş fiziki varlıq kimi çıxış edir. Meyrink göstərir ki, insanın şüuru – onun gündəlik “Mən”i – bu nəhəng yaddaşın üzərində qurulmuş nazik bir qabıqdır. Əsərin bu hissəsində oxucunu heyrət bürüyür. Oxucu özünün cılız biri olduğunu dərk edir. Özünün bu dünya ilə müqayisədə heç kim olduğunu başa düşür. Oxucu bilir ki, nə qədər iddialı və hikkəli insanlar varsa, onlar genetikanın qurbanlarıdır, onlar şüuraltı tərəfindən idarə olunanlardır.

Əgər insan bu qatları, yəni yaddaşın daşlaşmış laylarını qazıb özünün “əsl” kökünə enə bilsə, o, fərdiliyini itirib bəşəri bir kosmosla bütünləşə bilər. Lakin bu, həm də qorxunc bir prosesdir, çünki orada “Mən” yox olur. Məhz buna görə əsər haqqında təhlilə başlayanda “İdeal” barədə cümlə işlətmişdim. Çünki İsa Muğanna da buna bənzər məsələləri işıqlandırmışdı, həm də dərin şəkildə və detallı formada oxucuya çatdırmışdı. İçərişəhəri də mətnimin əvvəlinə ona görə yerləşdirmişdim ki, saatlarla daşlara, dar yollara yəqin ki, çoxunuz baxmısınız. Baxdığınız vaxtlarda “Burada kimlər yaşayıb, bu yollardan kimlər keçib, bu divarlar hansı söhbətlərə şahidlik edib?” kimi suallar sizi məşğul edib, İçərişəhərin də daşlaşmış yaddaş olduğunu düşünmüsünüz.

“Qolem” yazılandan sonra qısa müddətdə məşhur əsərə çevrilmişdi. Bu əsər o dövrün ədəbi mühitinə, xüsusən də fantastik və qorxu ədəbiyyatının inkişafına ciddi təsir göstərmişdir.

Uşaqlıq illərimizdə günün müəyyən vaxtlarında bizi izləyən kölgəmizi ən maraqlı əyləncə hesab edirdik. Qolem müəyyən mənada həmin kölgədir. Yəhudi əfsanəsinə görə, Qolem Yaradan tərəfindən müdafiə məqsədilə canlandırılmış süni məxluqdur. Roman boyu müəllif baş qəhrəmanı Qolem əfsanəsi ilə görüşdürür. Öz qəhrəmanını daxili boşluqları və kimliyi ilə qarşılaşdırır. Bu mənada oxucu da əsl kimliyini əsərin sonunda sorğu-suala tutur, öz keçmişinə daha ətraflı nəzər salır və özünü araşdırır.

Mətnin əvvəllində qeyd etdiyim kimi, hadisələrin cərəyan etdiyi Praqanı müəllif sadəcə məkan deyil, kitabın əsas obrazlarından biri kimi bizə təqdim edir. İnsanı isə öz şüurunda azan labirint kimi təsvir edir. Əsər boyu xarici dünya ilə daxili dünya sərhədləri bir-birindən dəfələrlə uzaqlaşdırılır. Müəllif bizə bu sualları verir: Gerçəklik nədir? Gördüyümüz dünya həqiqətdir, yoxsa şüurumuzun yaratdığı bir illüziya? İnsan özünü tanımaq üçün hansı mərhələlərdən keçməlidir?

Qustav Meyrinkin “Qolem” əsərində gərgin atmosferin ən yüksək həddə çatdığı, reallıqla yuxu sərhədlərinin tamamilə silindiyi, Pernatın öz daxili boşluğunda itdiyi o məşhur və sürrealistik anlardan birini sizə təqdim edirəm. Oxuyanlar bilir ki, bu əsərin kifayət qədər qəliz və sürrealizmlə dolu fəsilləri var. Meyrink bəzən yuxu ilə reallığı, xatirə ilə halüsinasiyanı iç-içə keçirir. Bu, kitabın zəifliyi deyil, məhz müəllifin oxucunu qəhrəmanın psixoloji vəziyyətinə daxil etmək üçün istifadə etdiyi bir üsuldur.

“Otaqdakı hava qəflətən qatılaşdı, sanki keçmişin tozlu nəfəsi otağa dolub divarları əritməyə başladı. Gözlərimin önündəki şəkillər – şamdanın tutqun işığında titrəyən kölgələr – öz müstəqilliyini elan etdi. Divardakı çatlaqlar genişlənib uçurumlara çevrildi və mən, bir vaxtlar mənim olan o çılpaq otağın artıq mövcud olmadığını anladım. Zaman öz oxundan çıxmışdı; saniyələr daşlaşıb otağın döşəməsinə tökülürdü.

Birdən sanki qabığım çatladı və içərimdəki o naməlum varlıq – mənim unudulmuş, lakin daim yaşayan “kölgəm” – ayağa qalxdı. O, mənim əllərimlə hərəkət etmir, mənim gözlərimlə baxmırdı; o, zamanın əvvəlindən bəri daşların arasında gizlənmiş, rəngi olmayan bir parıltı kimi otağın küncündən mənə tərəf dikəlmişdi. Mən özümü gördüm, lakin bu mən deyildim. Mən, min illərin yığılıb qalmış tozunu, o dar küçələrdəki naməlum qəmginliyi, nəslimin unudulmuş sızıltılarını özündə cəmləyən, daşdan yoğurulmuş o canlı heykəli seyr edirdim. Otağın tavanı yox oldu, yerinə sonsuz, ulduzsuz bir uçurum açıldı və mən anladım ki, Qolem – mənim qəlbimin dərinliyindəki o qapısı olmayan otağın açarıdır; həmin otaqda mənim özüm, tanımadığım bir başqası kimi həbs olunmuşam.”

Oxuduğum əsərləri digər əsərlərlə müqayisə etmək adətimə sadiq qalaraq “Qolem” əsərini oxuyanda Frans Kafkanın Praqa atmosferi və təşviş mövzuları yadıma düşmüşdü. Hər iki müəllif Praqada yaşamış və şəhərin o qaranlıq, sirli, labirintə bənzər atmosferindən təsirlənmişdilər.

Kafkanın əsərlərindəki, xüsusən “Məhkəmə” və ya “Qəsr”dəki çarəsizlik, bürokratiyanın və ya naməlum güclərin qarşısında insanın kiçilməsi və reallığın parçalanması hissi bu əsərdə də var idi. Hər iki müəllif insanın öz varlığı ilə bağlı yaşadığı ekzistensial təşvişi ön plana çıxarır. Hər iki müəllif insanı reallıqdan alır, əslində öz faciəsinə baxmağa sövq edir.

Psixoloji dərinliyinə görə bu əsər bəzi xüsusiyyətlərinə görə F. Dostoyevskinin qəhrəmanlarını xatirimə gətirirdi. Hər iki müəllifin qəhrəmanları öz daxili dünyalarının “yeraltı” qatlarına enirlər.

“Qolem”dəki baş qəhrəmanın ruhi gərginliyi, özünü dərk etmə prosesində yaşadığı ağrılar, Dostoyevskinin “Yeraltından qeydlər” və ya “Cinayət və cəza” əsərlərindəki qəhrəmanların mənəvi iztirabları ilə kəsişir. Hər iki müəllif insanın şüurunun ən qaranlıq künclərini araşdırmağa cəsarət edir. Onların bu araşdırması uğurlu alınır, diqqəti cəlb edir və maraq doğurur.

Edqar Allan Poenin qorxu və sirr dolu əsərlərini çox sevməsəm də, onun qotik və sirli hekayələri Q. Meyrinkin qorxu atmosferi yaratmaq qabiliyyəti ilə oxşardır. Hər iki müəllif oxucuda qorxu və naməlumluq hissi yaratmaq üçün qaranlıq mühitlərdən, daxili parçalanmalardan və metafizik sirlərdən ustalıqla istifadə edir.

Əsər maraqlı əsərlər siyahısına aid edilə bilər. Yazımın sonunda “Q. Meyrinkin yaşadığı o dövrün gərginliyi və dünya müharibələri ərəfəsindəki qeyri-müəyyənlik onu bu cür gözəl əsər yazmağa sövq edə bilərdimi?” fikri ilə sizi baş-başa qoyuram. Əsər boyu bu düşüncə məni xeyli məşğul etmişdi. Müəllifin digər əsərlərini oxumağı məhz “Qolem”dən sonra qarşıma məqsəd qoymuşdum.

Könül Nuriyeva