- İşləri-gücləri qurtarıb, niyə baxacaqlar?
- Niyə baxacaqlar yox, nəyə baxacaqlar? Bəli! (“Bəxtiyar” filmindən)
Millimizin baş məşqçisi Ayxan Abbasov Rumıniyanın paytaxtı Buxarestə səfərə yollanıb. Bu səfər zamanı Ayxan bəyi A milli komandanın direktoru İlqar Qurbanov müşayət edib. Çox güman ki, bu səfər “Sabah”ın “Hapoel”lə qarşılaşmasını izləmək məqsədi ilə təşkil olunub. Amma “Sabah”ın heyətində yerli futbolçuların, Azərbaycan millisinin üzvlərinin barmaqla sayılacaq qədər olması, Çempionlar Liqası qarşılaşmalarında bu sayın minimuma enməsi AFFA-nın səfərlə bağlı rəsmi məlumat paylaşmasını əngəlləyib. Loru dillə desəm, adamlar açıqlama yaymağa utanıblar. Biliblər ki, kimsə “Bəxtiyar” filmindəki kimi onlardan Ayxan Abbasovun “Sabah”ın heyətində kimə baxacağını soruşa bilər.
Artıq bilirsiz ki, “Sabah”ın Buxarestdəki start heyətində yerli futbolçu statusu daşıyan iki ad yazılmışdı. Bunlardan biri Rəhman Daşdəmirov idi, o birisi də “milliləşdirilmiş” Aleksey İsayev. Daha bir “milliləşdirilmiş” futbolçu Abdulah Xaybulayev isə ehtiyatda qalmışdı. Adını çəkdiyim üç futbolçu da həm bizə, həm də Ayxan bəyin özünə yaxşı tanışdır, onların nəyə qadir olduğunu bilirik. Xüsusən də Rəhmanın həm “Orxus”la oyunda, həm də “Hapoel”lə qarşılaşmada buraxdığı mövqe səhvləri, qapımıza vurulan qol epizodlarında rəqibə mane ola bilməməsi bizi təəssüfləndirdi. Amma onu günahlandırmağa da dəyməz. Çünki Rəhman əlindən gələni edir, “Sabah”a fayda verməyə çalışır. Hardasa səhv edirsə, bunu da bilərəkdən etmir, bacardığı odur. Deyirlər ki, bir dəfə azərbaycanlı müdafiəçilərdən Tottini niyə saxlaya bilmədiyini soruşublar, o da cavabında “Tottini saxlaya bilsəydim, gedib “Barselona”da oynayardım” deyib. İndi Rəhmanın da məsələsi belədir.
Ayxan Abbasovu da qınamaq olmur ki, “Sabah”ın heyətindəki yerlilərin sayının azlığını bilə-bilə Buxarestə qədər getməyə niyə zəhmət çəkmisiz. Heç Valdas Dambrauskası da qınamağa dəyməz. Onun işi Azərbaycan millisinin üzvlərinin qayğısına qalmaq deyil, əlindəki heyətdən daha hazırlıqlı olanlardan faydalanmaq, “Sabah”ı irəli aparmaqdır. Sağ olsun, bunu da yaxşı bacarır. “Məşqçilər futbolçuların pasportuna baxmaz” deyirlər. O cümlədən də Dambrauskar belə edir. Günah onlarda yox, bizim futbolçulardadır. Daha doğrusu, onları yaxşı futbolçu kimi yetişdirə bilməyənlərdə.
Səbuhi Abdullazadənin başına gələnlər hamımızı üzdü. O da milli komandamızın üzvüdür, parlaq gələcəyinə inanırıq. Amma “Neftçi” ilə oyunda əvvəlcə rəqibini boğmağa çalışdı, sonra da qırmızı alıb meydandan qovuldu. Sən demə, bu da son deyilmiş. Səbuhi yolüstü qapının şüşəsini də qırıb ayağını kəsdi, indi də beş ay futboldan kənar qalacaq. Başına döndüyümüz, nazınız çəkdiyimiz, çıraqla axtardığımız azərbaycanlı futbolçular belədir. Amma daha acınacaqlısını “Səbail”in üzvü Kənan Quliyev edib. Türkiyədə keçirilən yoxlama oyununda Kənan “Sakaryaspor”un futbolçusunu əvvəlcə yerə yıxıb, sonra da onun boğazından yapışıb boğmağa başlayıb. Ustadına bərəkallah! Mən də bu yaxınlarda aşağı liqada oynamaq üçün dörd legioner transfer edən “Səbail”in rəhbərliyini qınamağa başlamışdım.
Premyer Liqanın açılış oyununda “Turan Tovuz”la “Qəbələ”nin heyətində cəmi iki azərbaycanlı futbolçunun start heyətdə yer almasından dəhşətə gəlmişdik. Acı reallıq belədir, dostlar. Hamımızın işi çətindir. Amma ən çətin iş Ayxan Abbasovundur. Onun millidə oynatmaq üçün 11 oğul (futbolçu) tapması xeyli müşkül tapşırıqdır. Buxarestdən qayıtdıqdan sonra klubların düşərgəsinə baş çəkmək və demək lazımdır ki, əli-ayağı düz 11 oğul axtarırıq, onları tapmaqda bizə kömək edin!
Amal Abuşov
Şərhlər