Xəbər lenti

ABŞ BMT-nin Rusiyanın Ukrayna işğalı ilə bağlı qətnaməsini zəiflətmək istəyir
Dünya 14:10 11.11.2025

ABŞ BMT-nin Rusiyanın Ukrayna işğalı ilə bağlı qətnaməsini zəiflətmək istəyir

Donald Tramp administrasiyası BMT Baş Assambleyasının Ukraynanın işğal altındakı ərazilərindəki vəziyyətə dair əsas qətnaməsinin mətninə dəyişiklik edilməsini tələb edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kyiv Post" nəşri diplomatik mənbələrə istinadla yazıb.

Mənbələrin bildirdiyinə görə, Vaşinqton sənəddən "ərazi bütövlüyü” və "işğalın pislənməsi” kimi ifadələrin çıxarılmasını, əvəzində isə "Ukraynada müharibə” kimi daha neytral terminlərin işlədilməsini istəyir.

Söhbət hər il qəbul edilən "Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində insan haqlarının vəziyyəti” adlı qətnamədən gedir. Bu sənəd adətən Kiyevin suverenliyini təsdiqləyir və Rusiya işğal hakimiyyətinin törətdiyi hüquq pozuntularını sənədləşdirir. Keçən il həmin qətnamə 78 ölkə, o cümlədən ABŞ tərəfindən dəstəklənmişdi.

Avropa diplomatik dairələri xəbərdarlıq edirlər ki, təklif olunan bu dəyişiklik illərdir davam edən beynəlxalq konsensusu poza və Moskva tərəfindən ABŞ-ın Ukraynaya dəstəyinin zəifləməsi kimi qəbul oluna bilər. "Bu, Vaşinqtonun Ukraynanın əsas maraqlarından uzaqlaşdığının daha bir nümunəsidir", deyə bir Avropa diplomatı "Kyiv Post”a bildirib.

Qətnamənin layihəsi yaxın həftələrdə insan haqları məsələlərinə baxan Baş Assambleyanın üçüncü komitəsində müzakirəyə çıxarılacaq. Avropa ölkələri ABŞ-ın mövqeyini səsvermədən öncə dəyişməsi üçün diplomatik səylər göstərir.

Kiyev üçün bu sənədin əhəmiyyəti böyükdür, çünki qətnamə təkcə Rusiya işğalını pisləmir, həm də gələcəkdə Beynəlxalq Cinayət Məhkəməsinin istintaqları üçün hüquqi baza yaradır.

Qətnamə ətrafında yaranan fikir ayrılığı BMT-nin Müstəqil Beynəlxalq Komissiyasının yeni hesabatının dərc edilməsi ilə eyni vaxta təsadüf edib. Hesabatda Rusiya ordusunun işğal olunmuş ərazilərdə sistematik şəkildə insanlığa qarşı cinayətlər – kütləvi qətllər, deportasiyalar və zorakı köçürmələr – törətdiyi təsdiqlənir.

Komissiyanın sədri Erik Myeze bildirib: "Bunlar ayrı-ayrı hadisələr deyil. Bu, Ukrayna kimliyinin işğal olunmuş ərazilərdə məhv edilməsinə yönəlmiş dövlət siyasətidir".

ABŞ rəsmiləri dəyişiklikləri "sənədi daha inklüziv etmək cəhdi” kimi əsaslandırsa da, Avropa tərəfdaşları bunun Rusiyanın işğalının "normallaşdırılmasına” doğru atılan addım olduğunu düşünürlər.

Avropalı diplomatların sözlərinə görə, məsələ yalnız ifadələrdə deyil, həm də beynəlxalq ictimaiyyətin işğalı qanunsuz saymaqda davam edib-etməyəcəyindədir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->