Xəbər lenti

ABŞ-da aviasiya böhranı dərinləşir: 1500 uçuş ləğv edildi
Dünya 12:30 09.11.2025

ABŞ-da aviasiya böhranı dərinləşir: 1500 uçuş ləğv edildi

ABŞ-da hökumətin fəaliyyətinin dayandırılması ölkə üzrə aviasiya böhranına səbəb olub. Hava limanlarında kəskin işçi çatışmazlığı müşahidə edilir. 

Qaynarinfo xəbər verir ki, şənbə günü təxminən 1500 uçuşun ləğv edildiyi bildirilib. Mütəxəssislər və analitiklər bu vəziyyətin "domino təsiri” yaradaraq digər sahələri də mənfi təsirləyə biləcəyi barədə xəbərdarlıq edirlər.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) hava hərəkətini azaltmaq göstərişindən sonra şənbə günü ölkə üzrə 1460 uçuş ləğv olunub. Ən sıx hava limanlarında yaranan fasilələr federal bağlanmanın təsirlərini daha da dərinləşdirib.

FAA: İşçi çatışmazlığı 12 böyük şəhəri əhatə edir

"The Guardian” nəşrinin məlumatına görə, FAA-nın açıqlamasında 37 hava limanı qülləsi və idarəetmə mərkəzində ciddi kadr problemi yaşandığı bildirilib. Atlanta, Newark, San-Fransisko, Çikaqo və Nyu-York da daxil olmaqla 12 böyük şəhərdə uçuşlarda gecikmələr qeydə alınıb. Şarlotta və Newark şəhərlərindəki işçi çatışmazlığı hava hərəkətini daha da ləngidib.

Kuzey Karolinanın Şarlotta şəhəri isə 120 uçuşun ləğv edilməsi ilə ən çox təsirlənən məkan olub. Mütəxəssislərin fikrincə, hazırkı yavaşlama davam edərsə, qarşıdakı günlərdə uçuşların ləğvinin daha da artması qaçılmaz olacaq.

FAA-nın məlumatına görə, kəsintilər bütün kommersiya aviaşirkətlərini əhatə edir və ilkin mərhələdə 40 hava limanında uçuşların 4 faizi dayandırılıb. Bu göstəricinin həftənin ortasına qədər 10 faizə yüksələcəyi gözlənilir.

Kəsintilər "American Airlines”, "Delta Air Lines”, "Southwest Airlines” və "United Airlines” kimi dörd əsas aviaşirkətin təxminən 700 uçuşuna təsir edib.

Bayram dövrü öncəsi xaos xəbərdarlığı

Analitiklər xəbərdarlıq edirlər ki, uçuşların ləğv edilməsinin artması və Şükran Günü tətilinə az qalması ilə böhran daha da dərinləşə bilər. Bu vəziyyət yalnız hava nəqliyyatına deyil, həmçinin turizmə, ticarətə və logistika sahəsinə də mənfi təsir göstərə bilər.

Turizm gəlirlərindən asılı olan şəhərlər və müəssisələr narahat vəziyyətdədir. Tətil dövründə satışa çıxarılacaq məhsulların da hava daşımalarındakı fasilələrə görə mağaza rəflərinə vaxtında çatdırılmaması ehtimalı artır.

"Daha çox dispetçer işdən ayrılsa, yeni uçuşlar da ləğv edilə bilər"

ABŞ nəqliyyat naziri Şon Daffi bildirib ki, hökumət bağlanması davam edərsə, daha çox hava hərəkəti dispetçeri işdən ayrılmaq məcburiyyətində qala bilər və bu, yeni uçuş kəsintilərinə yol aça bilər.

Hazırda 13 min hava hərəkəti dispetçeri və 50 min təhlükəsizlik işçisi bir aydan artıqdır ki, maaş almadan çalışır. Bu səbəbdən bəzi əməkdaşlar xəstəlik məzuniyyəti götürür, nəticədə işçi çatışmazlığı daha da artır.

Milli Hava Hərəkəti Dispetçerləri Assosiasiyasının (NATCA) açıqlamasına görə, dispetçerlərin əksəriyyəti həftədə altı gün məcburi növbədə işləyir, bəziləri isə hesablarını ödəyə bilmək üçün əlavə işlərə baş vurublar.

İqtisadi təsirlər: Domino effekti başlaya bilər

Avtomobil icarə şirkətləri tək istiqamətli sifarişlərin sayında kəskin artım olduğunu bildirirlər. Bəzi sərnişinlər isə uçuşlarını tamamilə ləğv edir.

Hava daşımalarındakı gecikmələrin mağaza qiymətlərinin artmasına səbəb ola biləcəyi qeyd olunur. ABŞ-da hava yük daşımalarının yarıdan çoxu sərnişin təyyarələrinin yük bölmələrində həyata keçirilir.

Nyu-Yorkdakı Sirakyuz Universitetinin təchizat zənciri üzrə professoru Patrik Penfild bildirib: "Uçuşlardakı böyük fasilələr nəqliyyat xərclərini artıracaq və bu artım son nəticədə istehlakçıya yansıyacaq.”

"Elevate Aviation Group” şirkətinin baş direktoru Qreq Raiff isə deyib: "Uçuşlardakı aksaklıqlar kargo təyyarələrindən tutmuş işgüzar səfərlərə və turistlərin hərəkətinə qədər hər şeyə təsir edəcək. Bu, otel vergilərini və şəhər gəlirlərini azaldacaq – nəticədə domino effekti yaranacaq.”

Sərnişinlər qeyri-müəyyənlik içindədir

Bir çox sərnişinlər bildiriblər ki, cümə günü uçuşların əksəriyyəti plan üzrə həyata keçirilsə də, bəzi reyslərdə sürətli şəkildə yenidən rezervasiya imkanı olub. Lakin növbəti günlərdə hansı uçuşların ləğv ediləcəyi hələlik bəlli deyil.

Mayamidə yaşayan və kruiz səfərindən sonra Puerto-Rikoya uçmaq istəyən 46 yaşlı Hizer Şu deyib: "Səyahət onsuz da kifayət qədər stresslidir. Bu ləğvlər vəziyyəti daha da çətinləşdirir".

36 yaşlı Emmi Holquin isə Dominikan Respublikasında yaşayan ailəsini ziyarət etmək üçün Mayamidən uçmadan öncə bildirib: "Hamımızın getməli olduğumuz yerlər var. Ümid edirəm, hökumət bu problemi tezliklə həll edər".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->