Xəbər lenti

Borcu ödəmədilər, elektrikləri kəsildi: Rusiyanın kosmik arzusu enerji böhranına ilişdi
Dünya 13:08 09.11.2025

Borcu ödəmədilər, elektrikləri kəsildi: Rusiyanın kosmik arzusu enerji böhranına ilişdi

Rusiyanın ən böyük kosmik layihələrindən biri, baş podratçının ödənilməmiş borcları səbəbindən dayanmaq təhlükəsi ilə üzləşib. 

Qaynarinfo xəbər verir ki, inşaat işlərini aparan "PSO Kazan” şirkətinin keçmişdəki korrupsiya qalmaqallarına baxmayaraq bu işi alması, ekspertlər arasında artıq əvvəldən mübahisə mövzusu idi. Gecikmələrlə tamamlanan "Angara” buraxılış rampası isə hazırda istifadəsiz vəziyyətdədir.

Bitməyən qalmaqallar içində "Vostoçnı” kosmodromu

Rusiyanın kosmik proqramını müasirləşdirmək və raketlərini tamamilə öz ərazisindən buraxmaq məqsədilə inşa edilən "Vostoçnı” kosmodromu 2011-ci ildən bəri qalmaqallarla gündəmdən düşmür. Layihə aclıq aksiyaları, ödənilməyən əməkhaqları və milyonlarla dollarlıq korrupsiya ittihamları ilə müşayiət olunub. Hətta ümumilikdə 126 milyon dolların mənimsənildiyi bildirilmişdi.

Bütün bu problemlərə baxmayaraq, kosmodromda müəyyən irəliləyişlər əldə olunub. 2016-cı ildə "1S” adlı ilk buraxılış rampasından "Soyuz-2” raketi uğurla fırladılıb. Səkkiz il sonra isə "1A” rampası "Angara” raketinin buraxılışı ilə istifadəyə verilib. "Roscosmos” şirkəti Rusiyanın Uzaq Şərqində yerləşən bu mərkəzdə ümumilikdə yeddi buraxılış rampası işlətməyi planlaşdırır. Lakin indi problem tam fərqli istiqamətdən gəlib.

Borc böhranı: Elektrik kəsildi

"Vostoçnı” kosmodromunun inşasını aparan əsas podratçı "PSO Kazan” şirkəti yüksək məbləğdə elektrik borclarını ödəyə bilməyib. "The Moscow Times” nəşrinin məlumatına görə, "Uzaq Şərq Enerji Şirkəti” "PSO Kazan”ın 627 min dollarlıq ödənilməmiş borcu yığılması səbəbindən kosmodromun inşası davam edən sahələrinə elektrik tədarükünü dayandırıb. Şirkət bu addımı "regionun enerji sisteminin maraqlarını qorumaq üçün” atdığını açıqlayıb.

Enerji təchizatçısı, borcun ödənilməməsi halında "PSO Kazan”ı müflis elan etdirmək üçün məhkəmə prosesi başlatmağı planlaşdırır. Eyni zamanda xəbərdarlıq edib ki, ödəniş baş vermədiyi təqdirdə daha sərt məhdudiyyətlər tətbiq olunacaq. Kosmodrom rəsmiləri isə hazırda fəaliyyət göstərən iki buraxılış rampasının bu vəziyyətdən təsirlənmədiyini və "PSO Kazan”ın borcunu noyabrın sonuna qədər ödəməyi vəd etdiyini bildiriblər. Lakin layihənin korrupsiya ilə dolu keçmişi nəzərə alınarsa, bu vədin nə dərəcədə etibarlı olduğu sual altındadır.

Korrupsiyaya bulaşmış tender prosesi

"PSO Kazan”ın bu qədər mühüm layihədə baş podratçı kimi qalması və "Angara” raketi üçün buraxılış meydançasının inşasını üzərinə götürməsi əvvəldən diqqət çəkmişdi. Şirkət 2017-ci ildə "Angara” buraxılış kompleksi (1A platforması) üçün müqaviləni qazanmışdı. Həmin dövrdə şirkətin sahibi, Rusiyanın digər bölgələrində idman arenaları inşası ilə tanınan kazanlı milyarder Ravil Ziganşin idi.

Lakin kosmodromun inşası elə başlanğıcdan problemlərlə müşayiət olunurdu. Müqavilənin imzalanması aylarla çəkdi, ardınca cinayət fəaliyyəti iddiaları və davamlı gecikmələr yaşandı. "Roscosmos” bir müddət sonra "PSO Kazan” ilə müqaviləni ləğv etməyə cəhd göstərdi. "Crocus Group” kimi digər iri tikinti şirkətləri də layihəyə maraq göstərsələr də, təklif olunan ödənişin faktiki xərcləri əhatə etmədiyini bildirərək tenderdən çəkiliblər. "Crocus Group”un qurucusu, azərbaycanlı iş adamı Araz Ağalarov o vaxt demişdi: "Hazıram dedim, amma o məbləğə yox. Əgər xərci artırsaq, iki ilə hər şeyi təhvil verərik. Əks halda, bağışlayın".

Nəticədə o dövrdə "Roscosmos”un rəhbəri olan Dmitri Roqozin gözlənilməz qərarla "Angara” rampasının inşasını yenidən "PSO Kazan”a həvalə etdi. Müstəqil müşahidəçilər bu addıma təəccüblənərək, "Roscosmos”un tikinti sektorunda bu qədər pis reputasiyaya sahib olub-olmadığını və ya başqa şirkətləri cəlb edə bilmədiyini sorğuladılar.

Uzun illər davam edən gecikmələr və xərclərin artmasından sonra "Angara” rampası nəhayət tamamlandı və ötən ilin noyabrında ilk buraxılış həyata keçirildi. Lakin o vaxtdan bəri "A1” rampasından ikinci bir buraxılış baş vermədiyi üçün, bu bahalı meydançanın istifadəyə tələbin az olduğu görünür.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->