Dünya 18:23 27.03.2023

ABŞ-ın “Demokratiya sammiti”nə Rusiyanın cavabı nə olacaq? (ŞƏRH)

"Vaşinqtonun təşkil etdiyi "Demokratiya sammiti” Rusiya və Çinə qarşı yönəlib”.

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy ABŞ-ın təşkilatçılığı ilə keçiriləcək "Demokratiya sammiti”nin məqsədlərindən danışarkən deyib. Onun fikrincə, bu tip sammitlərdə məqsəd ABŞ-ın demokratiya ritorikası üzərində öz mövqelərini gücləndirməyə hesablanıb.

"Şübhəsiz ki, sammitin müxtəlif hədəfləri var. Onlar arasında Rusiya və Çin özünəməxsus yer tutur. Sammiti təşkil etməklə Vaşinqton Rusiyanı narahat edəcək addımlar atmağı planlaşdırır. Toplantıya dəvət edilən ölkələrin siyahısına baxanda onların müəyyən mənada Çin və Rusiya ilə zaman-zaman, bəzən də davamlı şəkildə problemlər yaşandığı ölkələr olduğu görmək olar”. 



Həmsöhbətimiz bildirib ki, ABŞ-ın addımına cavab olaraq, Rusiyanın da müttəfiqlərilə birlikdə müxtəlif həmlələr etməyə çalışacağı istisna deyil:

"Moskvanın bu müstəvidə daha çox geosiyasi və geoiqtisadi motivli müəyyən həmlələr etməyə davam edəcəyini gözləmək mümkündür. Belarusa nüvə silahı yerləşdirmək məsələsi həmin həmlələrdən biri sayıla bilər. Bu həmlələrə Moskvanın Çinlə son dövrlər münasibətlərin daha da dərinləşməsi istiqamətində atdığı addımları da misal göstərmək olar. Rusiya bir sıra müxtəlif beynəlxalq və regional təşkilatlarda aktivdir. Bu müstəvidə BRİKS, Avrasiya İqtisadi Birliyi və MDB-ni göstərmək olar. Orta Şərqdə də Moskvanın Səudiyyə Ərəbistanı, Misirlə müəyyən əməkdaşlığı var. Bu günlərdə Moskvada Afrika ölkələri nümayəndələrinin iştirakı ilə toplantı keçirildi. Yəni, Rusiyanın sadaladığım istiqamətlər üzrə ABŞ-ın həmlələrinə özünün geosiyasi addımları ilə cavab verməyə çalışdığını deyə bilərik”. 

Qeyd edək ki, martın 30-da ABŞ-ın təşkilatçılığı ilə 2-ci Demokratiya sammiti keçiriləcək. Sammitə dünya dövlətlərinin 120-yə qədər lideri dəvət olunub. 

Rüfət Sultan