ABŞ-da Donald Tramp yenidən Ağ Evə qayıtdıqdan sonra Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq olunmayıb. Hətta bəzi hallarda mövcud məhdudiyyətlər zəiflədilib.
Qaynarinfo "The New York Times”a istinadla xəbər verir ki, bunun nəticəsində Rusiyaya vəsaitlər və strateji komponentlərin, o cümlədən kompüter çipləri və hərbi təchizatın yeni ofşor (qeyri-rəsmi) şirkətlər vasitəsilə daxil olması mümkün olub.
Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin baş elmi əməkdaşı Edvard Fişman bildirir:
"Trampın iqtisadi siyasətə yanaşması təzyiq göstərmək, təsir rıçaqları əldə etmək və ən yaxşı şərtləri qoparmağa çalışmaqdan ibarətdir. Amma nədənsə, Rusiyaya münasibətdə o, Putinə qarşı heç bir təsir rıçağı əldə etmək istəmir”.
Analitiklərin fikrincə, yeni sanksiyalar olmadan mövcud məhdudiyyətlər effektivliyini itirəcək. Ticarət hesabatları, onlayn siyahılar və korporativ sənədlərin analizi nəticəsində materik Çində və Honq-Konqda yerləşən 130-dan çox şirkət müəyyən edilib ki, onlar Rusiyaya kompüter çiplərinin dərhal tədarükünü reklam edirlər. Bu şirkətlərin heç biri ABŞ sanksiyaları altına düşməyib.
Vaşinqtonun sanksiya siyasətindəki bu kəskin dönüş Trampın Rusiyaya yanaşmasının göstəricisidir. O, hərbi eskalasiyanın artmasına baxmayaraq, müdaxilədən yayınmağa üstünlük verir.
Rusiyanın resursları tükənmək üzrədir və ölkə iqtisadiyyatı tənəzzülün astanasındadır. Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina bildirib ki, artıq iqtisadi artımın yeni modeli üzərində düşünməyin vaxtı çatıb. İqtisadi inkişaf naziri Maksim Reşetnikov isə qeyd edib ki, ölkə iqtisadiyyatı durğunluq həddinə keçmək üzrədir.
Rusiya bank sektorunun nümayəndələri də iqtisadi perspektivlərin pisləşdiyini vurğulayırlar. Onların fikrincə, növbəti 12 ay ərzində bank sistemində kəskin böhran riski mövcuddur.
Bundan əlavə, Rusiyada emal sənayesi sektoru iyun ayında son üç il ərzində ən sürətli daralma tempini göstərib. Səbəblər arasında istehsal həcminin, yeni sifarişlərin və məşğulluğun azalması göstərilir.
Bu proseslərin fonunda ABŞ-ın sanksiyalarla bağlı susqunluğu və Tramp administrasiyasının ritorikası Putinə fürsət yaradır: o, Ukraynanı məhv etməyə davam edən hərbi-sənaye maşınını qidalandırmaq üçün resurs tapır. ABŞ-ın passivliyi nəticəsində beynəlxalq ticarət yolları yenidən Moskvanın istifadəsinə açılır və bu, Ukraynanın müdafiəsini zəiflədərək Kremlin mövqelərini gücləndirir.
Alpər
Şərhlər