ABŞ-ın səsdən sürətli təyyarəsi - Yeni sınaqlar həyata keçirildi
NASA eksperimental "Lockheed Martin X-59 QueSST" təyyarəsinin stress-testlərini həyata keçirib.
Bu sınaqlar səsdən sürətli kommersiya uçuşlarının yeni mərhələsinə keçid üçün mühüm addım kimi qiymətləndirilir.
Agentliyin yaydığı görüntülərdə testlərin 2026-cı ilin aprelində Moxave səhrası üzərində aparıldığı görünür. Sınaqlar zamanı təyyarə yüksək hündürlükdə və səs sürətinə yaxın templə bir sıra manevrlər icra edib. Hazırda əldə olunan məlumatlar təhlil olunur.
X-59 ilk uçuşunu 28 oktyabr 2025-ci ildə həyata keçirib. Təyyarə həmin vaxt təxminən bir saat havada qalıb, ilkin mərhələdə 370 km/saat sürətə çatıb və 3600 metr hündürlüyə qalxıb.
ABŞ mütəxəssisləri daha geniş sınaq proqramı həyata keçirməyi planlaşdırır. Gözlənilir ki, X-59 18 kilometrdən çox hündürlüyə qalxacaq və 1500 km/saatdan yüksək sürətlə kruiz rejimində uçuşlar edəcək. Bu uçuşlar sıx məskunlaşmış ərazilər üzərində həyata keçiriləcək və sakinlərin reaksiyası öyrəniləcək.
Layihənin əsas məqsədi səsdən sürətli uçuşların quruda təhlükəsiz şəkildə mümkün olduğunu sübut etməkdir. Hazırda bu cür uçuşlar güclü səs dalğası "sonik bum” səbəbilə qadağandır.
Mütəxəssislər bildirir ki, X-59-un yeni konstruksiyası sayəsində səs dalğasının təsiri minimuma endirilə bilər. Təyyarənin uzun burun hissəsi və xüsusi qanad forması məhz bu məqsədlə hazırlanıb. Təyyarənin uzunluğu təxminən 30 metr, qanad açıqlığı isə 9 metrdir. Hazırda QueSST proqramı çərçivəsində yalnız bir belə təyyarə mövcuddur.
Xatırladaq ki, ötən il XB-1 uğurla son sınaq uçuşunu həyata keçirmişdi. Bu, Boom Technology üçün növbəti mərhələyə "Overture" modelinin yaradılmasına keçid imkanı yaradıb.
Məlumata görə, "Overture" təyyarəsi XB-1-dən təxminən üç dəfə böyük olacaq və 60–80 sərnişin daşıya biləcək. Şirkət artıq bu səsdən sürətli təyyarələrin istehsalı üçün zavod inşa edib.
Ekspertlər hesab edir ki, bu texnologiya gələcəkdə kommersiya aviasiyasında inqilabi dəyişikliklərə səbəb ola bilər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər