"Sumqayıt” "Kəpəz”lə oyundakı hakim idarəçiliyindən narazı qalıb. Özü də bu narazılığı hər vasitə ilə ictimailəşdirir, AFFA-nı şantaj edərcəsinə davaranmaqdan çəkinmirlər. Klubun prezidenti Riad Rəfiyevin oyundan sonra hakimlərin otağına daxil olmasını əks etdirən videogörüntülər var. Narazılığın səbəbi hakimlərin oyunun sonlarında qonaq komandanın qapısına iki penalti zərbəsi təyin etməsidir. Buna qədər "Sumqayıt” hesabda öndə idi, Yevlaxdan 3 xalla dönməyin sevincini yaşayırdı. Hər şey çox qısa müddətdə alt-üst oldu.
Riad Rəfiyevin hakimlərin otağına basqın etməsi vəziyyətin təhlükəli həddə çatdığından xəbər verir. Özünü əsl intelligent kimi təqdim etməyi xoşlayan Rəfiyev yaxşı başa düşür ki, hakimlərin otağına daxil olmaq qadağandır. Fərqi yoxdur ki, sən o otaqda onlara nə deyirsən. Eyni hal "Sabah”la "Qarabağ”ın oyununun fasiləsində yaşanmışdı. Masazır təmsilçisinin rəsmilərindən birinin hakimlərin otağına daxil olması, onları hədələməsi barədə məlumatlar vardı. Bu gün hakimləri otağında hədələyirlər. Kim təminat verir ki, gələn dəfə onların elə həmin otaqda qanını axıtmayacaqlar? Özüm öz yazdığımdan dəhşət hissi keçirirəm. Amma neynəmək olar ki, hadisələrin axarı buna doğru gedir.
Çox təəssüf ki, son zamanlar hakimlər mövzusu, onların qərarları həddindən artıq müzakirə olunur. Kimin ayağı birbalaca büdrəyir, dərhal hakimlərin səhvlərini gündəmə gətirir. İstər haqlı olsun, istərsə də haqsız. Hakimlərin mübahisə doğuran ən xırda davranışı belə uduzan tərəfin əlində bəhanəyə çevrilir. Bizimkilər belə işlərdə mahirdirlər. Dərhal ekranı iki yerə bölüb əvvəlki qarşılaşmalardan paralellər aparmaq üçün epizodlar tapırlar.
Bununla da ikili standartlardan bəhs edilir, VAR-ın da adını müxtəlif cür hallandırıb, hakimlərin və AFFA-nın bostanına daşlar atılır. Məşhur filmdə demişkən, həmin dalğa, həmin koordinat. Hamısı eyni taktikadan istifadə edir. "Neftçi” də, "Sumqayıt” da, "Sabah” da, "Turan Tovuz” da...
"Sumqayıt” tərəfinin "Kəpəz”lə oyundan sonra paylaşdığı videoçarxa diqqət edin. Eynisini "Sabah” "Qarabağ”la qarşılaşmadan sonra paylaşmışdı. Bir müddət əvvəl "Neftçi” "Şamaxı” ilə oyundakı hakim qərarlarına etiraz edərək oxşar davranış sərgiləmiş, texniki imkanlardan və söz oyunundan yetərincə yararlanmışdı. Sonumuzu Allah xeyir etsin. Bu gedişat yaxşı heç nə vəd etmir. Mövsümün sonunda avrokubokardan kənarda qalan klubların hamısı 33 tur ərzində əleyhinə olan hakim qərarlarından görüntüləri bərli-bəzəkli paylaşıb, haqqının yeyildiyini, bu səbəbdən də medal qazana bilmədiklərini iddia edəcək.
Həftəsonu məşhur italyan hakim Pyerluici Kollinanın həyatından bəhs edən bir sənədli filmə baxdım. Kollina əvvəlcə hakimliyin əsas prinsiplərindən danışır. Deyir ki, futbolçular hakimdən qorxmamalıdırlar, onun ədalətli qərar verdiyinə inanmalıdırlar. Daha sonra karyerasından bir nümunə də göstərir. VAR-ın olmadığı zamanlarda, 1997-ci ildə keçirilən "İnter” – "Yuventus” qarşılaşması zamanı vurulan qolun oyundan kənar vəziyyət səbəbindən qeydə alınmaması ciddi narazılığa və mübahisələrə rəvac verir. Köməkçisinə sahib çıxan Kollina əvvəlcə bədənini ona sipər edir və futbolçuların ona yaxınlaşmasına imkan vermir. Sonra da qərarını əvvəlcə "İnter”in kapitanı Berqomoya, daha sonra isə baş məşqçi Roy Hocsona izah edir. Hər iksinə hakimlərə inanmağın vacib olduğunu bildirir. Hocsonun cavabı məşqçinin əlini sıxıb, ona razılıq bildirmək olur.
Azərbaycanlı hakimlərdə çatışmayan məhz budur. Onların nüfuzunu zədələyib, futbolçuların və azarkeşlərin hakimlərə olan inamını itiriblər. Bu səbəbdən də Azərbaycan çempionatında böhran yaşanır və getdikcə bu böhran dərinləşir. Kollinanın həyatını öyrənmək, onun kimi qətiyyətli davranmaq lazımdır. Yalnız bundan sonra hakimlərə olan inam da bərpa olunacaq, yavaş-yavaş hər şey qaydasına düşəcək. Əks halda irəlidə daha qarmaqarışıq, çətin günlər bizi gözləyir.
Amal Abuşov
Şərhlər