"ABŞ İrana zərbə endirsə, ilk növbıdı nüvə obyektləri və hakim elitanın mənzillərini hədəf seçəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli ABŞ Prezidenti Donald Trampın etirazçılara qarşı sərt tədbirlərə əl atan İranı vuracağı ilə bağlı hədələri fonunda mümkün xarici müdaxilənin istiqamətləri barədə suala cavabında deyib.
Ekspert bildirib ki, İran məsələsi uzun müddətdir ABŞ başda olmaqla bir sıra dövlətlərin siyasi və hərbi gündəmindədir:
"İsraillə 12 günlük münaqişə fonunda İrana ciddi raket zərbələri endirildi. Bu zərbələr nəticəsində ölkənin siyasi, sosial və iqtisadi mühitinə ağır ziyan dəydi. İranın ən nüfuzlu nüvə alimləri, eləcə də ordunun aparıcı generalları sıradan çıxarıldı. Ən önəmlisi isə İrana ciddi mənəvi-psixoloji zərbə vuruldu. Mövcud vəziyyət də əvvəlkindən ciddi şəkildə fərqlənmir”.
İbrahim Rüstəmlinin sözlərinə görə, ABŞ hərbi əməliyyata başlasa, əsas hədəflər dəyişməyəcək:
"Vaşinqton İranı vurarsa, yenə də ilk növbədə uranın zənginləşdirilməsi obyektləri hədəfə alınacaq. Məqsəd yalnız rejimi zəiflətmək deyil, ümumilikdə İranın müdafiə potensialını çökdürmək, müqavimət gücünü minimum səviyyəyə endirməkdir. Eyni zamanda, ölkənin aparıcı siyasi elitasının nümayəndələri də birbaşa hədəfdə olacaq”.
Həmsöhbətimiz hesab edir ki, ABŞ-ın İrana mümkün cavabı ilə bağlı Tehranın səsləndirdiyi bəyanatlar əslində daxili auditoriyaya hesablanıb və əhalinin müdafiəsi ilə əlaqəli deyil:
"Burada əsas məqsəd ABŞ-ın İranda həyata keçirdiyi strateji missiyanın uğurla tamamlanmasıdır. Əsas faktor neft amili və regional güc balansının Amerikanın xeyrinə dəyişdirilməsidir. Vaşinqton artıq İranla bağlı qeyri-müəyyən ritorikadan uzaqlaşıb, daha konkret və sərt planlar tətbiq edir. Bu isə Tehran üçün son dərəcə təhlükəli və arzuolunmaz ssenaridir”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın etirazçılara qarşı sərt tədbirlərə əl atan Tehran rejiminə qarşı hərəkətə keçmək ərəfəsində olduğu bir vaxtda, mətbuatın yazdığına görə, ABŞ administrasiyası hava qüvvələri və uzaqmənzilli raketlərin istifadəsini İrana qarşı mümkün hərbi əməliyyatların əsas elementi kimi nəzərdən keçirir. Məlumatlara əsasən, Trampa İrandakı vəziyyətə cavab variantları, o cümlədən kiberməkan əməliyyatları, komandanlıq strukturlarının, rabitə sistemlərinin və dövlət mediasının iflic edilməsinə yönəlmiş psixoloji təsir kampaniyaları barədə də məlumat verilib. Mənbələr bildirir ki, Pentaqon rəsmiləri münaqişənin təkcə hərbi zərbələrlə məhdudlaşmadığı, eyni zamanda rəqəmsal məkanda davamlı əməliyyatlar və psixoloji təzyiq mexanizmlərini əhatə edən ssenariləri də nəzərdən keçirirlər.
Rüfət Sultan
Şərhlər