1950-ci illərdə ABŞ-da kütləvi qırğın silahlarının düşmən ərazisinə çatdırılması üçün alternativ üsullar fəal şəkildə axtarılırdı. Səbəb ondan ibarət idi ki, bombardmançı təyyarələrin sayı kifayət deyildi və bu tip təyyarələrlə Sovet İttifaqı üzərində ciddi nəticələr olmadan uçmaq mümkün deyildi.
Qaynarinfo xəbər verir ki, "Defense Express"in yazdığına görə, məhz bu səbəbdən 1950-ci illərdə nüvə silahlarının hədəfə çatdırılması variantlarından biri kimi hava şarları nəzərdən keçirilirdi.
"Şar buraxıldıqdan sonra müəyyən edilmiş hündürlükdə əvvəlcədən hesablanmış hava axınlarına düşməli idi və bu axınlar onu düşmən ərazisinin dərinliklərinə – birbaşa hədəfə doğru aparmalı idi. Hava şarları ilə bombardman ideyası o vaxt artıq yeni deyildi. Hələ II Dünya müharibəsi zamanı Yaponiya "Fu-Go" adlı yandırıcı bombalarla təchiz olunmuş hava şarlarından istifadə etmişdi ki, bu da tam uğursuzluqla nəticələnmişdi. Daha sonra amerikalıların özləri də düşmən ərazisinin dərinliklərinə hava şarları buraxmaq təcrübəsinə malik idilər”, deyə ekspertlər xatırladıblar.
Analitiklərin sözlərinə görə, amerikalılar "Mogul" və "Moby Dick" layihələri çərçivəsində SSRİ ərazisinə nüvə sınaqlarını izləmək üçün mikrofonlarla təchiz olunmuş kəşfiyyat hava şarları buraxırdılar, sonralar isə onlara aerofotoçəkiliş üçün kameralar da əlavə edilmişdi.
"Bu təcrübə əsasında 1954-cü ildə kütləvi qırğın silahlarının SSRİ-yə çatdırılması üçün nəzərdə tutulmuş xüsusi WS‑124A ‘Uçan bulud’ adlı hava şarı hazırlanmışdı”, deyə "Defense Express" vurğulayıb.
Eyni zamanda ekspertlər bildirirlər ki, belə silahların çatdırılması üçün hava şarlarından istifadə çox ciddi çatışmazlıqlara malik idi. Belə ki, buraxılış üçün uyğun küləyi gözləmək, daha sonra eyni vaxtda çoxlu sayda şarı havaya qaldırmaq və onların hədəfə çatacağına ümid etmək lazım idi. Bundan əlavə, küləyin dəyişməsi və yol boyu şarların vurulması riski də mövcud idi.
Bundan başqa, şarlar dəqiq şəkildə eyni hündürlüyü saxlamalı idi. Əks halda onlar başqa hava axınlarına düşərək tamamilə başqa ölkənin ərazisinə sürüklənə bilərdi.
"Ümumilikdə sınaqlar üçün təxminən 40 ədəd WS‑124A istehsal olunmuşdu. Lakin çox tez aydın oldu ki, bu cür vasitələrin dəqiqliyi qənaətbəxş deyil. Hədəf rayonundan yayınma bir neçə yüz kilometrə çata bilərdi və hədəf ərazisinə yalnız çox az sayda şar çatırdı”, deyə analitiklər qeyd ediblər.
Sonradan Sandia Milli Laboratoriyası 1957-ci ildə "Sərbəst hava şarları ilə silahın çatdırılmasının mümkünlüyü” adlı rəsmi tədqiqat dərc edib. Alimlər bu cür silahlar üçün aktual olan əsas problemləri, xüsusilə də dəqiqlik məsələsini təhlil etdilər və nəticədə bomba daşıyan bu hava şarlarının səmərəsiz olduğu qənaətinə gəliblər.
"Nəticədə dəqiqlik o qədər aşağı idi ki, şəhərlərin vurulmasından belə söhbət gedə bilməzdi, ayrı-ayrı obyektləri demək olar ki, mümkünsüz idi. Şarın hədəfin yaxınlığından belə keçmə ehtimalı sıfıra yaxınlaşırdı, üstəlik döyüş başlıqlarının gücü də məhdud idi”, deyə nəşr əlavə edib.
Maraqlı faktlardan biri də odur ki, 1957 və 1958-ci illərdə ABŞ-da "Plumbbob", "Hardtack I" və "Hardtack II" əməliyyatları çərçivəsində onlarla dəfə aerostatdan atmosfer nüvə partlayışları sınaqdan keçirilmişdi.
"Məhz bu dövrdə ilk qitələrarası ballistik raketlər ortaya çıxmağa başladı. Onlar daha güclü nüvə başlıqlarını xeyli daha sürətli və çox daha yüksək dəqiqliklə çatdıra bilirdi. Buna görə də ölümcül hava şarları ideyası zamanla tamamilə unuduldu”, deyə "Defense Express" yekunlaşdırıb.
Aydın
Şərhlər