Beynəlxalq Kosmik Stansiyanın (BKS) 2030-cu ilin sonunda nəzarətli şəkildə atmosferdə yandırılaraq fəaliyyətinin dayandırılması planlaşdırılır. Lakin bu, insanlığın kosmosdan çəkiləcəyi anlamına gəlmir.
Əksinə, bu qərar yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir. Artıq səhnədə özəl şirkətlər var. Bir çox şirkət astronavtların kosmosda yaşamağa və işləməyə davam etməsi üçün yeni nəsil kosmik stansiyalar hazırlayır. Məqsəd daha çevik, daha ucuz və daha funksional sistemlər qurmaqdır.
Valyuta.az BKS-dən sonrakı dövrü formalaşdıracaq 5 layihəni təqdim edir:
"Axiom Space": BKS-nin ən yaxın alternativi
"Axiom Space" NASA-dan 140 milyon dollar dəstək alıb və əlavə olaraq 350 milyon dollar investisiya cəlb edib. Şirkətin ən diqqətçəkən məqamı isə tikintinin artıq başlamasıdır.
İlk modulun istehsalı davam edir və onun 2027-ci ildə ISS-ə göndərilməsi planlaşdırılır. Modul əvvəlcə BKS-ə birləşdiriləcək, sistemlər sınaqdan keçiriləcək, daha sonra ayrılaraq müstəqil fəaliyyət göstərəcək.
Tamamlandıqda stansiyada yaşayış sahələri, tədqiqat zonaları və istehsal bölmələri olacaq. Hətta "SEE-1" adlı modul vasitəsilə kosmosda ilk əyləncə məkanının yaradılması da planlaşdırılır.
Vast Space: Müstəqil kosmik stansiya
"Vast Space" şirkəti "Haven-1" adlı stansiyanı 2027-ci ildə orbitə göndərməyi planlaşdırır. Bu stansiya BKS-ə bağlı olmayacaq və ilk gündən müstəqil işləyəcək.
Kiçik ölçülü olan "Haven-1" dörd astronavtı qəbul edə biləcək. Burada yaşayış sahəsi, ümumi istifadə zonası və mikroqravitasiya laboratoriyası olacaq.
Şirkət daha böyük planlar da qurur:
* 2028-ci ildə ilk modul
* Hər 6 ayda yeni modul
* 2030-cu ildə 8 nəfərlik tutum
* 2032-ci ildə 12 nəfərlik böyük stansiya
Orbital Reef: Kosmosda iş mərkəzi
"Blue Origin" və "Sierra Space" şirkətlərinin birgə layihəsi olan "Orbital Reef" kosmosda iş mərkəzi kimi dizayn edilir.
Təxminən 400 km yüksəklikdə yerləşəcək bu stansiya tədqiqat, istehsal və kommersiya fəaliyyətləri üçün istifadə olunacaq. İlkin mərhələdə 5 modul planlaşdırılır: mərkəzi modul, tədqiqat sahəsi və genişləndirilə bilən yaşayış sahələri.
Ümumi olaraq 10 nəfərlik tutum hədəflənir. NASA bu layihəyə 172 milyon dollar dəstək verib. Proses hələ dizayn mərhələsindədir, lakin 2027 hədəf kimi göstərilir.
Starlab: Tək fırlatma ilə hazır stansiya
"Airbus" və "Voyager Space" əməkdaşlığı ilə hazırlanan "Starlab" fərqli yanaşma ilə diqqət çəkir. Bu stansiya kosmosa hissə-hissə deyil, tam formada göndəriləcək.
İki əsas hissədən ibarət olacaq: enerji və sistemləri təmin edən servis modulu və yaşayış modulu. 2029-cu ildə orbitə çıxarılması planlaşdırılır və dörd astronavtı dəstəkləyəcək.
Laboratoriya iki hissəyə bölünəcək: daxili hissədə biologiya və material tədqiqatları, xarici hissədə isə avadanlıqların sınağı aparılacaq.
Max Space: Genişlənən kosmik stansiya
"Max Space" şirkəti şişirilə bilən modullar üzərində işləyir. "Thunderbird" adlı stansiya orbitdə açılaraq genişlənəcək və 350 kubmetrdən çox həcmə çatacaq. Şirkət bunun indiyə qədərki ən geniş stansiya olacağını bildirir.
Tək fırlatma ilə göndəriləcək bu stansiya dörd astronavtı qəbul edə biləcək. Layihənin 2029-cu ildə reallaşdırılması planlaşdırılır, lakin ilk testlərin 2027-ci ildə aparılması nəzərdə tutulur.
Yeni dövr başlayır
BKS fəaliyyətini dayandırsa da, kosmik yarış bitmir — sadəcə formasını dəyişir. Dövlətlərin qurduğu stansiyaların yerini tədricən özəl şirkətlər tutur.
Kosmos artıq təkcə elmin deyil, həm də kommersiyanın mərkəzinə çevrilir. Qarşıdakı illər kosmosda kimin lider olacağını müəyyən edəcək.
Paşa Məmmədli
Şərhlər