"Ad günü şamları" tammetrajlı sənədli filminin nümayişləri başa çatıb.
Qaynarinfo xəbər verir ki, film Gənclər Fondunun "Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən qrant müsabiqəsinin qalibi elan edilib.
Adıçəkilən filmin gənclər, yeniyetmələr üçün 4 xüsusi - qapalı nümayişi Biləsuvar rayonu Biləsuvar Gənclər evi, Xəzər rayonu Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Məktəbi, Sumqayıt şəhəri Sumqayıt Gənclər Evi, Lənkəran şəhəri Lənkəran Gənclər Mərkəzində baş tutub. Bu film könüllü yollandığı 2-ci Qarabağ müharibəsində məhz öz doğum günündə hər iki gözünü itirən qazi Kamran Baxşızadənin həyatından, ümidlərindən, müharibədən sonrakı həyat əzmindən və mübarizəsindən bəhs edir.
Filmin hər nümayişindən sonra gənc tamaşaçılarla müzakirəsi keçirilir. Nümayişlərin keçirilməsində əsas məqsəd gənc nəsildə vətənpərvərliyin təbliği ilə yanaşı gənc kinematoqrafçılar və onların işləri, müasir Azərbaycan kinosu ilə gənc və yeniyetmələri yaxından tanış etmək, gənc nəsildə xüsusilə sənədli kino mədəniyyətinin formalaşmasına töhvə vermək olub.
Filmin quruluşçu rejissoru Murad Allahverdi, produserləri Afaq Yusifli, Murad Allahverdi, Nicat Dadaşov, Tural Əhmədsoy, quruluşçu operatorları Oktay Namazov, Murad Allahverdi, Afaq Yusifli, xətti produseri Elşad Rzayev, bəstəkarı Nigar Süleyman, montaj rejissoru Oktay Namazov, səs rejissoru Nadir Mahmudov, koloristi Edka Kızıltepedir.
Filmin çəkilişləri Bakı, Sumqayıt və İstanbul şəhərləri, Xızı rayonu və onun Xələnc,Qızılqazma, Baxışlı, Fındığan kəndlərində, Altıağac qəsəbəsi və s. yerlərdə baş tutub. ButaFilm istehsalı olan film həm də Kino Agentliyinin "Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin” 2025-ci il üzrə qalib iştirakçılarındandır.
Layihə Gənc Film İstehsalçıları Assosiasiyasının təşkilatçılığı, ARKA-nın əməkdaşlığı, Biləsuvar rayonu Gənclər evi, Lənkəran şəhəri Gənclər Mərkəzi, Sumqayıt şəhəri Gənclər evi, Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə təhsil mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilib.
Şərhlər