Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) rektor vəzifəsini icra edən Eldar Qocayev ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib.
Qaynarinfo xəbər verir ki, görüş zamanı rektor vəzifəsini icra edən Eldar Qocayev qonağa Akademiyanın tarixi inkişaf mərhələləri, struktur quruluşu, tədris prosesinin təşkili və elmi potensialı barədə ətraflı məlumat təqdim edib.
Tərəflər iki ölkə arasında dənizçilik sahəsində əməkdaşlığın genişləndirilməsi, dənizçilik üzrə ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası, ikili diplom proqramlarının hazırlanması, eləcə də tələbələrin Səudiyyə Ərəbistanının dənizçilik şirkətlərində istehsalat təcrübələrinə cəlb olunması kimi istiqamətlərdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Səfir İssam bin Saleh əl-Cuteyli ADDA-nın təqdim etdiyi əməkdaşlıq təkliflərini yüksək dəyərləndirərək, bu əlaqələrin gələcəkdə rəsmi Anlaşma Memorandumu çərçivəsində rəsmiləşdirilməsinin məqsədəuyğun olacağını bildirib.
Görüş səmimi və qarşılıqlı anlayış şəraitində keçib.
Şərhlər