Marvel Studios-un uzun müddətdir gözlənilən "Hörümçək adam: Tamamilə yeni gün" (Spider-Man: Brand New Day) filmi kinotənqidçilər üçün nümayiş etdirilib. İlk rəylərə əsasən, ekran əsəri həm süjeti, həm də Tom Hollandın ifası ilə müsbət qarşılanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Nəşrin əməkdaşı Erik Devis bildirib ki, yeni film əvvəlki "Hörümçək adam" trilogiyasından daha yetkin, düşünülmüş və təsirli alınıb.
Onun sözlərinə görə, rejissor Destin Deniel Kretton filmdə indiyədək gördüyü ən uğurlu döyüş səhnələrindən bəzilərini təqdim edib.
"Bu film bir qədər detektiv hekayəsi, bir qədər psixoloji triller, bir qədər də dostluq komediyasıdır. Xüsusilə Hörümçək adam və Cəzaçı ilə bağlı zarafatlar çox uğurludur. Mütləq izlənilməlidir", – deyə Devis qeyd edib.
Teleaparıcı və jurnalist Brendon Pop da filmi yüksək qiymətləndirərək onu Marvel-in ən uğurlu ekran işlərindən biri adlandırıb.
"Bu, indiyə qədər izlədiyim ən yaxşı Marvel filmlərindən biridir. Həm emosional, həm də həyəcan dolu ekran əsəridir", – deyə o bildirib.
Kinotənqidçi Piter Hauell isə Tom Hollandın ifasını xüsusi vurğulayıb.
Onun fikrincə, aktyor bu filmdə Hörümçək adam obrazının sarkazmını, daxili narahatlıqlarını və sevgi həyatındakı çətinlikləri əvvəlki filmlərlə müqayisədə daha uğurla canlandırıb.
Film nədən bəhs edir?
Filmdə Piter Parker əvvəlki kimi şəhəri Hörümçək adam kimi qorumağa davam edir və eyni zamanda yaxınlarının həyatını gizlicə izləyir. Lakin bir müddət sonra onun fövqəltəbii qabiliyyətləri zəifləməyə başlayır.
O, kömək üçün doktor Bryus Bannerə müraciət edir. Banner isə Piterin orqanizmində hörümçəklərin həyat dövrünə bənzər mutasiya prosesinin başladığını müəyyən edir. Bu dəyişiklik onun həyatı üçün təhlükə yaratsa da, eyni zamanda ona yeni güclər qazandıra bilər.
Filmdə Tom Hollandla yanaşı Zendaya, Ceykob Batalon, Mark Ruffalo və Con Bernthal da rol alıblar. Filmin rejissoru isə Destin Deniel Krettondur.
Günay
Şərhlər