Dünya 19:34 28.03.2023

Afrikanın ən varlı adamlarının 56 faizi beş ölkədə yaşayır

Hazırda 1,4 milyard əhalisi olan Afrikada sərvəti 1 milyon dollardan çox olan 138 min insan, o cümlədən ən azı 100 milyon dollar sərvəti olan 328 sent-milyoner və 23 milyarder var. 

Qaynarinfo xəbər verir ki, bu məlumatlar İsveçrənin "Henley & Partners” şirkəti və Cənubi Afrikanın "New World Wealth”in bu gün təqdim etdiyi Afrikanın rifahına dair illik hesabatda yer alıb.

Hesabat müəllifləri qeyd edirlər ki, hazırda regionda özəl kapitalın ümumi həcmi 2,4 trilyon dollar təşkil edir. Növbəti on il ərzində bu rəqəm 42% artacaq.

Afrikanın bir xüsusiyyəti özəl kapitalın çox az sayda ölkədə yüksək konsentrasiyasıdır. Materikdəki bütün varlı insanların 56%-i beş ölkədə yaşayır: Cənubi Afrika, Misir, Nigeriya, Keniya və Mərakeş.

Cənubi Afrika qitənin hər hansı digər ölkəsindən ən azı iki dəfə çox varlı insana malikdir. Bundan əlavə, bütün Afrika sent-milyonerlərinin 30%-ni təşkil edir. Ölkənin ən böyük şəhəri Yohannesburq milyonerlərin sayına görə liderdir - 14,6 min nəfər. 

Ölkədə yaşayan milyarderlərin sayına görə Misir liderlik edir, paytaxt Qahirə isə milyonçuların sayına görə Yohannesburqdan sonra ikinci yerdədir (7,4 min).

"Afrika son on ildə sərvət artımının müvafiq olaraq 72%, 69% və 54% olduğu Ruanda, Mavrikiy və Seyşel adaları da daxil olmaqla dünyanın ən sürətlə inkişaf edən bazarlarına ev sahibliyi edir", deyə "New World Wealth”in tədqiqat departamentinin rəhbəri Endryu Amolis deyir. 

Qarşıdakı on ildə artım baxımından liderlik 75%-lə Mavrikiyə keçəcək. Bu, onu Vyetnam, Hindistan və Yeni Zelandiyadan sonra milyonerlərin sayına görə dördüncü ən çox böyüyən ölkə edəcək.

Nizami Bağırov