Xəbər lenti

Aİ: Azərbaycan Çindən Avropaya uzanan marşrutun əsas iştirakçılarından biridir
Ekonomiks 10:54 07.02.2026

Aİ: Azərbaycan Çindən Avropaya uzanan marşrutun əsas iştirakçılarından biridir

Adətən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi müzakirə olunanda, Çindən Avropaya uzanan marşrutun əsas iştirakçıları kimi Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə önə çəkilir. Lakin burada Ermənistan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Moldova və Ukrayna kimi ölkələr də mühüm rol oynayır.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən meta-tədqiqatda (EU-funded meta-study) qeyd olunur.

Qeyd olunur ki, Transxəzər Nəqliyyat Dəhlizi dayanıqlığı artıran şaxələrinin inkişafı hesabına, Cənubi Qafqaz üzərindən (Ermənistan, Azərbaycan və Türkiyə arasında əlaqələrin bərpası ilə) əməliyyatlar baxımından fayda əldə edə bilər. Bu isə Cənubi Qafqaz regionunda son geosiyasi dəyişikliklər nəticəsində mümkün olub:

"Bu, ticarət marşrutlarının şaxələndirilməsinə kömək edəcək və potensial olaraq yüklənmiş hissələrin yükünü azaldacaq. Bundan əlavə, Ermənistanın Aİ ilə əlaqəliliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər”.

Məlumata əsasən, əsas dəhliz üzərində birbaşa yerləşməyən Mərkəzi Asiya ölkələrindən — Özbəkistan, Qırğızıstan və Tacikistandan — köməkçi xətlərin və multimodal bağlantıların inkişafı dəhlizin mühüm regional xammal resurslarını (CRM) və digər ixrac mallarını Avropa bazarlarına və region daxilində yönləndirmə imkanlarını artıracaq:

"Bu əlaqələr daxili istehsalçıların Transxəzər tədarük zəncirlərinə inteqrasiyasına, Aİ-nin tədarük imkanlarının genişlənməsinə və inklüziv regional inkişafa kömək olacaq”.

"Ukrayna və Moldova regionun əlaqəliliyi baxımından ayrıca, lakin tamamlayıcı bir ölçü təşkil edir. Onların strateji yönümü ilk növbədə Aİ ilə inteqrasiya ilə müəyyən olunur, lakin onlar həmçinin Qara dəniz və Dunay limanları vasitəsilə qərb interfeysi üzərindən Orta Dəhlizə qoşularaq Aİ-nin TEN-T şəbəkəsi ilə əlaqə qururlar”, – deyə araşdırmada vurğulanır.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

--> -->