Xəbər lenti

Bakı-İrəvan sülhündə yeni xətt: Vasitəçilər kənarda qalır (ŞƏRH)
Siyasət 13:37 05.02.2026

Bakı-İrəvan sülhündə yeni xətt: Vasitəçilər kənarda qalır (ŞƏRH)

"8 avqust 2025-ci ildən, yəni Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması mərhələsindən bu günə qədər davam edən proseslər göstərir ki, iki ölkə arasında son dərəcə mühüm və tarixi addımların atılması vasitəçilərsiz də mümkündür".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüşün sülh prosesinin ikitərəfli əsasda irəliləməsindəki əhəmiyyətindən danışarkən deyib. 

Millət vəkili bildirib ki, bu, son dərəcə mühüm və strateji əhəmiyyət daşıyan bir hadisədir:

"Eyni zamanda, ötən ilin avqustundan bəri Azərbaycanın kommunikasiyaları qismən açması, Ermənistanla ticarət əlaqələrinə başlaması, delimitasiya və demarkasiya komissiyasının birgə fəaliyyətində müəyyən uğurlar əldə etməsi kimi nailiyyətlərin bəzi xarici güc mərkəzləri tərəfindən qısqanclıqla qarşılandığını da gördük. Ermənistanla Azərbaycan arasında hər hansı hadisə baş verən kimi dərhal müxtəlif formalarda bəyanatlar verən, üstörtülü təhdidlər səsləndirən Rusiyanın bu sırada xüsusi yer tutduğunu müşahidə etdik. Bu kontekstdə yaxınlarda Azərbaycan əleyhinə qətnamə qəbul edən Fransanı da qeyd etmək olar. İran da bu istiqamətdə müəyyən canfəşanlıq nümayiş etdirir. Ölkəmizə qarşı bu cür xarici təsir cəhdləri bundan sonra da davam edə bilər".
 


Deputatın fikrincə, artıq hər iki ölkə vasitəçilərsiz də real nəticələr əldə etməyin mümkün olduğunu anlayıb və bunun müsbət nəticələrini görüb: 

"Azərbaycana təzyiq imkanları son dərəcə məhduddur, hətta demək olar ki, mümkün deyil. Ermənistan isə xarici təsirlərdən kənar addımlar atmağın erməni xalqı üçün daha faydalı nəticələr verdiyini dərk edib. Növbəti mərhələdə proseslərin gedişi Ermənistanın necə davranacağından, xarici təsirlərdən nə dərəcədə uzaq qala biləcəyindən, iyun ayında keçiriləcək seçkilərdən sonra formalaşacaq yeni hakimiyyətin mövqeyindən, eləcə də Ermənistanın dövlət kimi xarici təsirlərə qarşı immunitet səviyyəsindən asılı olacaq".
 


Qeyd edək ki, Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş iki ölkə arasında müharibədən sonrakı münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Bu görüş birbaşa siyasi təmasların intensivləşməsi və sülh prosesinin ikitərəfli əsasda irəliləməsi baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.

Əbu-Dabi görüşü, Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların davamı kimi də diqqət çəkir. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə formalaşan bu proses artıq regional müstəvidə konkret nəticələr verməyə başlayıb. 

Sözügedən görüşdə tərəflər normallaşma prosesinin məhz ikitərəfli əsasda davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bu isə münaqişədən sonrakı dövrdə münasibətlərin yalnız beynəlxalq vasitəçilərin diktəsi ilə deyil, birbaşa liderlərin siyasi iradəsi əsasında formalaşdığını göstərir. 

Rüfət Sultan
--> -->