Almaniyanın sənaye sektoru hər ay təxminən 15 min iş yerini itirir.
Qaynarinfo xəbər verir ki, bu barədə Alman Sənaye Federasiyasının ("BDI") baş icraçı direktoru Tanya Hönner DPA agentliyinə bildirib.
Hönner sənayedəki vəziyyəti kritik adlandırıb. Bununla yanaşı, o bildirib ki, vəziyyəti yaxşılığa doğru dəyişmək üçün çoxlu imkanlar mövcuddur.
"Mən əminəm ki, əgər üzərimizə düşəni etsək, yenidən çoxlu imkanlarımız olacaq. İnnovasiyalar artıq uzun müddətdir ki, bir çox şirkət üçün əsas prioritetdir", deyə o bildirib.
Hönner qeyd edib ki, yeni texnologiyalara, xüsusilə də süni intellektə yatırımlar son dərəcə vacibdir.
"Xüsusilə sənaye istehsalı sahəsində bütün imkanlara sahibik", deyən "BDI" rəhbəri əlavə edib ki, biznesə investisiyaları təşviq edən və sənayenin transformasiyasını dəstəkləyən siyasi mühit lazımdır.
"Almaniya rəqabət qabiliyyəti baxımından mövqelərini itirib", deyə keçmiş mühafizəkar siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, Almaniyada və Avropada qəbul edilən hər bir siyasi qərar sadə meyar əsasında qiymətləndirilməlidir: "Bu qərar rəqabət qabiliyyətini artırırmı? Şirkətlərin yenidən daha rəqabətqabiliyyətli olmasına kömək edirmi?"
Hönner bildirib ki, sənaye sektoru ABŞ-nin tarif siyasəti və Çinin sənaye sahəsində artan üstünlüyü kimi geosiyasi amillərin də təzyiqi altındadır.
"Bu çağırışlar elə bir vaxtda meydana çıxıb ki, əslində son illərdə topladığımız artıq yükdən qurtulmaq üçün idman zalına getməli idik", deyə o qeyd edib.
O vurğulayıb ki, struktur zəiflikləri ilə xarici təzyiqlərin birləşməsi Almaniyada biznes aparmaq üçün olduqca mürəkkəb şərait yaradır.
İlin əvvəlində Almaniya iqtisadiyyatının 2022-ci ildən bəri ilk dəfə artım nümayiş etdirərək uzunmüddətli sənaye tənəzzülünü geridə qoyduğu bildirilmişdi.
Həmin vaxt "Bloomberg" yazırdı ki, 2025-ci ildə Almaniyanın ümumi daxili məhsulu iki illik azalmadan sonra 0,2 faiz artıb.
"Destatis" statistika idarəsinin məlumatına görə, ötənilki artım əsasən ev təsərrüfatlarının istehlakı və dövlət xərcləri hesabına təmin olunub. Eyni zamanda investisiyalar azalıb, xarici ticarət isə iqtisadi artımı məhdudlaşdıran amil olub.
Aydın
Şərhlər