Dünya 18:37 30.01.2023

“Ankara Finlandiyanın NATO-ya qoşulmasına razılıq verə bilər” - Politoloq

"Belə açıqlama Ankaranın Finlandiyanın NATO-ya qəbuluna "yaşıl işıq” yandırması anlamına gəlir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Türkiyə Prezidenti Ərdoğanın NATO-ya üzv olmaq istəyən Finlandiya ilə bağlı fərqli mesaj verə biləcəkləri barədə səsləndirdiyi fikri dəyərləndirərkən deyib. Ekspert bildirib ki, İsveçlə müqayisədə Finlandiyanın NATO-da olması daha vacibdir: 
 
"Bu da iki məqamdan qaynaqlanır. Finlandiya İsveçlə müqayisədə terrora nisbi olaraq daha az bulaşmış ölkədir. Digər tərəfdən, Türkiyə Finlandiya qarşısında qoyduğu tələblərin əksəriyyətini Helsinki yerinə yetirib. Finlandiyanın Türkiyəyə tətbiq etdiyi silah embarqosunu aradan qaldırması ilə bağlı xəbərlər gəlir. ABŞ üçün İsveçlə müqayisədə Finlandiyanın NATO-da olması daha vacibdir. Yəni, Finlandiya məsələsi İsveçlə müqayisədə Vaşinqton üçün daha vazkeçməz ölkədir. Çünki Finlandiya Rusiya ilə birbaşa sərhəddə yerləşir. Bu mənada onun üzvlüyü İsveçlə müqayisədə qurum üçün daha həyati əhəmiyyət kəsb edir. Məhz, bunun nəticəsidir ki, Türkiyə ikisinə də deyil, yalnız İsveçin timsalında birinə rədd cavabı verməklə balanslı davranış nümayiş etdirir. Bütün bunlar göstərir ki, Finlandiyanın üzvlük məsələsinə ayrıca baxılacaq. Ərdoğan da bu müstəvidə mesaj verib”. 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Helsinskinin Finlandiyanın NATO-ya üzvlük müraciətinin qəbul edilməsinə münasibət bildirərkən, lazım gələrsə, Finlandiya ilə bağlı fərqli mesaj verə biləcəklərini deyib.  \Finlandiya haqqında fərqli bir mesaj verəndə İsveç şoka düşəcək. Lakin Finlandiya eyni  səhvləri təkrarlamamalıdır", deyə R.T.Ərdoğan qeyd edib. 

Rüfət Sultan