Xəbər lenti

Dünya 11:00 09.02.2026

"Astronomiyanın atası"nın 1500 illik gizli ulduz xəritəsi tapıldı

Alimlər qədim bir əlyazmada dünyanın ən qədim ulduz xəritəsini aşkar ediblər. Bu, müasir texnologiyalar sayəsində mümkün olub.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy” yazır.

Qeyd olunur ki, "astronomiyanın atası” adlandırılan qədim yunan astronomu Hipparx ulduz xəritəsini 1500 ildən çox əvvəl çılpaq gözlə tərtib edib. Lakin onun işi əsrlər boyu itib.

İndi isə alimlər rentgen şüaları və digər texnologiyalar vasitəsilə bu xəritəni dini mətnlərin qatları altında üzə çıxara biliblər. Nəşr vurğulayır ki, bu tapıntı erkən astronomların nə qədər dəqiq müşahidələr apardığını parlaq şəkildə göstərir.

Son vaxta qədər Hipparxın işindən yalnız dolayı mənbələrdəki qeydlər və "Farnese atlası” kimi heykəllər üzərində həkk olunmuş bir neçə simvol qalmışdı. Xəritədə göstərilən ulduzların real mövqeləri isə itmiş hesab olunurdu.

Sorbonna Universitetindən Viktor Qizenberqin rəhbərliyi ilə çalışan alimlər tədqiqat zamanı palimpsest üzərində qədim yunan yazısının izlərini aşkar ediblər. Palimpsest silinərək yenidən istifadə edilmiş perqament əlyazmasıdır. Silinmiş mətni üzə çıxarmaq üçün onlar ABŞ-dakı Milli Sürətləndirici Laboratoriyası "SLAC”da hissəcik sürətləndiricisindən alınan rentgen şüalarından istifadə ediblər.

Tədqiqatçılar bildiriblər ki, Hipparxın istifadə etdiyi orijinal mürəkkəbin kimyəvi tərkibi sonrakı dini yazılardan fərqli olub. Bu da düzgün skanlama zamanı mətnlərin bir-birindən seçilməsinə imkan verib.

Hazırda əlyazma Vaşinqtonda yerləşən Bibliya Muzeyində saxlanılır. O qədər kövrəkdir ki, laboratoriyaya nəql edilərkən iqlimə nəzarət olunan xüsusi konteynerlərdən istifadə edilib.

Ümumilikdə alimlər son dərəcə qısa rentgen impulsları ilə 11 səhifəni skan ediblər. Hər impuls cəmi on millisaniyə davam edib və şüa insan saçından da nazik bir sahəyə fokuslanıb. Skanlama irəlilədikcə silinmiş yunan mətninin simvolları ekranda aydın görünməyə başlayıb.

Alimlər bildiriblər ki, Hipparxın ulduz xəritəsi yunan və arami dillərində yazılmış on daha qədim mətndən ibarət olub, sonradan isə suryani dilində köçürülərək üzərinə müqəddəs İoann Klimaka aid dini yazılar əlavə edilib. Bu çoxqatlılıq astronomun irsini birdəfəlik itirə bilərdi. Lakin müasir alətlər və diqqətli "detektiv” işi sayəsində ən qədim ulduz xəritələrindən biri nəhayət yenidən üzə çıxıb.

Aydın
--> -->