Həcc ziyarəti üzrə ayrılmış kvotanın 70 faizi artıq tamamlanıb. Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib ki, müəyyən olunmuş vaxt başa çatdıqdan sonra kvotanın tam dolub-dolmamasından asılı olmayaraq qeydiyyat prosesi yekunlaşdırılacaq.
Sənəd qəbulu üçün son tarix 2026-cı il fevralın 15-i müəyyən edilib. Bu il Həcc ziyarətinin qiyməti 6 100 ABŞ dolları, yəni 10 388 manat təşkil edir. Hər il Həcc ziyarəti üçün müraciət edənlər arasında təkrar ziyarətə gedənlərin sayının çoxluğu kvotanın qısa müddətdə dolmasına səbəb olur. Nəticədə bir çox insan Həcc ziyarəti arzusunda qalsa da, bu imkandan yararlana bilmir.
Araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Həcc ziyarəti arzulara deyil, iman və maddi imkan şərtlərinə bağlı olan ibadətdir.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində orta yaşayış səviyyəsi nəzərə alındıqda Həcc qiymətlərinin yüksək olması reallıqdır. Lakin məsələ beynəlxalq müqayisə kontekstində qiymətləndiriləndə fərqli mənzərə ortaya çıxır:
"Türkiyədə Diyanət İşləri Komitəsi xətti ilə müəyyən edilən Həcc qiymətləri təxminən 12 min manat ekvivalentindədir ki, bu da Azərbaycandakı tariflərdən bir qədər yüksəkdir. Üstəlik, Türkiyədə yalnız Diyanət deyil, müxtəlif özəl şirkətlər də Həcc proqramları təqdim edir və bu paketlərin qiyməti Azərbaycandakı tarifləri 6–7 min manat üstələyir. Yəni yüksək qiymətlər təkcə Azərbaycana xas deyil. Ümumilikdə Həcc ziyarətinin təşkili ilə bağlı logistika və xidmət xərcləri bütün ölkələrdə ciddi şəkildə artıb".
Rəsul Mirhəşimli regional müqayisələrə də toxunaraq bildirib ki, bəzi ölkələrdə fərqli modellər tətbiq olunur:
"Məsələn, Türkmənistanda Həcc ziyarətinin qiyməti 6 200 ABŞ dolları müəyyən edilib və bu məbləğin 50 faizini dövlət qarşılayır. Bu yanaşma sosial baxımdan cəlbedici görünsə də, eyni zamanda dövlət büdcəsinə əlavə yük yaradır. Hər ölkənin iqtisadi imkanları belə subsidiyaları tətbiq etməyə imkan vermir".
Ekspert vurğulayıb ki, Həcc qiymətləri ilə bağlı müzakirələrdə əsas problemlərdən biri bu ibadətin yalnız maddi aspektdən qiymətləndirilməsidir:
"Həcc müsəlmanın həyatında bir dəfə yerinə yetirməli olduğu mənəvi yolçuluqdur. Minlərlə kilometr yol qət etmək, fiziki çətinliklərə qatlanmaq, yüz minlərlə insanla eyni məkanda ibadət etmək təkcə rituallar deyil, həm də səbr, dözüm və mənəvi intizam sınağıdır. Buna görə də Həcc xərclərini adi tətil və ya kommersiya məqsədli səyahətlərlə eyniləşdirmək mahiyyət etibarilə doğru deyil".
Rəsul Mirhəşimli hesab edir ki, Həcc ziyarəti məcburi deyil, lakin bu ibadəti yerinə yetirən insanlara qarşı hörmətsiz yanaşma da yolverilməzdir:
"Heç kim Həccə getməyə məcbur deyil, amma heç kimin də Həccə gedənləri məsxərəyə qoymağa haqqı yoxdur. Dinin əleyhinə yönələn emosional tənqidlər cəmiyyətdə lazımsız qütbləşmə yaradır və sağlam müzakirələrə mane olur. Daha balanslı, faktlara əsaslanan və insanların şəxsi dini seçimlərinə hörmət edən yanaşma həm ictimai sağlamlığa, həm də dini tolerantlığın güclənməsinə xidmət edər".
Bahar Rüstəmli
Şərhlər