Ukraynaya xarici maliyyə dəstəyi 2025-ci ildə tammiqyaslı müharibənin başlanmasından bəri ən aşağı səviyyəyə enmək riski ilə üzləşib. Avropa Kiyevə yalnız təxminən 4,2 milyard avro yeni hərbi yardım ayırıb – bu, ABŞ-ın dəstəyinin dayandırılmasını kompensasiya etmək üçün kifayət qədər deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraine Support Tracker layihəsinin tədqiqatçıları
bildirirlər.
2025-ci ilin ilk yarısında rekord yüksək dəstək sürətindən sonra, yay mövsümündə hərbi yardım kəskin şəkildə azalıb – bu tendensiya sentyabr və oktyabr aylarında da davam edib. Mövcud sürətlə Avropa vəsaitləri bu il ABŞ-ın hərbi yardımının tam əvəzini çıxarmağa yetmir.
2022–2024-cü illərdə illik yardımlar orta hesabla təxminən 41,6 milyard avro təşkil edirdi (Avropa, ABŞ və digər donorlar daxil olmaqla), lakin 2025-ci ildə yalnız 32,5 milyard avro ayrılıb. Əvvəlki səviyyəyə çatmaq üçün ilin sonuna qədər müttəfiqlərin əlavə 9,1 milyard avro ayırması lazım olacaq.
Oktyabr ayı daxil olmaqla, Avropa daxilində qeyri-bərabərlik də artıb. Belə ki, Fransa, Almaniya və Böyük Britaniya 2022–2024-cü illərlə müqayisədə hərbi vəsaitlərini kəskin şəkildə artırıb: Almaniya təxminən üç dəfə, Fransa və Böyük Britaniya isə iki dəfədən çox.
Buna baxmayaraq, 2021-ci ilin ÜDM-i ilə nisbətdə, bu üç ölkə əsas Skandinaviya donorları – Danimarka, Finlandiya, Norveç və İsveç qarşısında xeyli geri qalır.
İtaliya və İspaniya ilə müqayisə daha dramatikdir: onların heç biri 2025-ci ildə hərbi vəsaitlərini artırmayıb. İtaliya, artıq aşağı olan dəstəyi 2022–2024-cü illərlə müqayisədə 15% azaldıb. İspaniya isə bu il heç bir yeni hərbi yardım göstərməyib. Bu məhdud iştirak Avropanın ümumi dəstəyini ciddi şəkildə zəiflədir.
Ukraynanı dəstəkləmək üçün dondurulmuş Rusiya aktivlərinin istifadəsi Avropa müttəfiqlərinin məhdud vəsaitləri fonunda kritik əhəmiyyət daşıyır. Kiyevin hərbi büdcəsi tükənmək üzrədir. Rusiya aktivləri potensial maliyyə çatışmazlığını aradan qaldırmaqla yanaşı, Ukraynaya potensial sülh danışıqlarında güclü mövqe də təmin edərdi.
Həftənin əvvəlində G7 ölkələrinin maliyyə nazirləri birgə bəyanatla bildiriblər ki, həmin ölkələrdə saxlanılan Rusiya aktivləri Ukraynaya verilə bilər, lakin bəyanatda hər hansı konkret məqam göstərilməyib.
Alpər
Şərhlər