Donald Trampın sərt bəyanatları Avropada güc balansını sarsıdıb. NATO-nun gələcəyi ilə bağlı qapalı müzakirələrdə "B planı” adlandırılan yeni ssenarinin detalları formalaşır. Xüsusilə Almaniyanın gözlənilməz mövqe dəyişikliyi prosesin istiqamətini ciddi şəkildə dəyişmiş ola bilər.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın NATO-dan ayrıla biləcəyi ilə bağlı siyasi ritorikanın artması və münasibətlərdə dərinləşən etimad böhranı Avropada müdafiə arxitekturasının yenidən qurulmasını gündəmə gətirib. Uzun illər Avropa təhlükəsizliyinin əsas dayağı olan ABŞ-ın rolunun zəifləyə biləcəyi ehtimalı, başda Almaniya olmaqla bir çox ölkəni yeni strategiya hazırlamağa sövq edir.
Qeyri-rəsmi şəkildə "Avropa NATO-su” kimi təqdim edilən bu yanaşma alyansı ləğv etməyi deyil, ABŞ-ın mümkün geri çəkilməsi halında Avropanın özünü təmin edən müdafiə sistemi qurmasını hədəfləyir.
Trampın sərt ritorikası davam edir
Donald Tramp bu transformasiyanın əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilir. Onun NATO-dan çıxmaq təhdidlərini təkrarlaması və müttəfiqləri tənqid etməsi Avropa paytaxtlarında narahatlıq yaradıb. Tramp NATO müttəfiqlərini "qorxaq”, alyansı isə "kağız pələngi” adlandırıb və Rusiya prezidenti Vladimir Putinə istinad edərək "Putin də bunu bilir” deyib.
O, həmçinin Qrenlandiya məsələsinə toxunaraq bildirib: "Qrenlandiyanı istəyirik. Onlar vermək istəmir, mən də "yaxşı, sağ olun" dedim".
Polşanın xarici işlər naziri Radoslav Sikorskinin bu sözlərə "Qeyd edildi” cavabı Avropadakı gərgin siyasi mühiti əks etdirir.
Yeni plan necə formalaşır
Məlumata görə, plan NATO daxilində rəsmi iclaslarla yanaşı, qeyri-rəsmi görüşlər, diplomatik təmaslar və qapalı müzakirələr zamanı formalaşır. Bu isə təşəbbüsün hələ rəsmi siyasətə çevrilmədiyini, lakin ciddi hazırlıq mərhələsində olduğunu göstərir.
Avropa rəsmiləri vurğulayır ki, məqsəd NATO-ya alternativ yaratmaq deyil. Əsas hədəf ABŞ-ın hərbi iştirakının azalması halında alyansın çəkindiricilik gücünü və əməliyyat davamlılığını qorumaqdır. Bu çərçivədə Avropa ölkələri komanda-idarəetmə sistemlərində daha çox rol almağı və ABŞ-nin boşluğunu öz resursları ilə doldurmağı planlaşdırır.
Almaniyanın mövqe dəyişikliyi
Planların sürətlənməsində Almaniyanın siyasət dəyişikliyi həlledici rol oynayıb. Uzun müddət ABŞ liderliyini dəstəkləyən Berlin artıq fərqli xətt götürür. Kansler Fridrix Merzin ətrafındakı mənbələrə görə, ABŞ-ın etibarlılığı ilə bağlı artan şübhələr bu dönüşə səbəb olub.
Almaniya NATO-nu açıq şəkildə zəiflətmək istəmir, əksinə Avropanın alyans daxilində rolunu gücləndirməyə çalışır. Müdafiə naziri Boris Pistorius NATO-nun həm ABŞ, həm də Avropa üçün əvəzolunmaz olduğunu, lakin avropalıların daha çox məsuliyyət götürməli olduğunu bildirib.
"Könüllülər koalisiyası" nədir?
Almaniyanın bu mövqeyi digər ölkələrdə dəstək tapıb. Böyük Britaniya, Fransa, Polşa, Skandinaviya ölkələri və Kanada planı NATO daxilində "könüllülər koalisiyası” çərçivəsində müzakirə edir.
İsveçin Almaniyadakı səfiri Veronika Vand-Danielsson bildirib ki, oxşar düşüncəli ölkələr boşluqları doldurmağa hazırdır. Artıq müzakirələr nəzəri çərçivədən çıxaraq konkret hərbi və logistika məsələlərinə yönəlib. Hava və raket müdafiəsi, hərbi logistika və genişmiqyaslı təlimlər əsas prioritetlərdəndir.
Ekspert rəyi
İstanbul Aydın Universitetindən doktor Hazar Vural qeyd edir ki, ABŞ NATO vasitəsilə həm hərbi, həm də iqtisadi qazanc əldə edir və alyans onun qlobal təsir alətidir. Onun fikrincə, Trampın ritorikası daha çox təzyiq vasitəsidir və ABŞ-nin tam çıxışı real görünmür.
Bununla belə, Avropa üçün əsas çətinlik ABŞ-a bağlı mövcud sistemin transformasiyasıdır. NATO-nun logistika, kəşfiyyat və komanda strukturları böyük ölçüdə ABŞ-yə əsaslanır.
Avropa üçün çətin sınaq
Ekspertlərə görə, ABŞ-sız müdafiə sistemi qurmaq qısa müddətdə mümkün deyil. Problem yalnız maliyyə deyil, həm də komanda strukturu, texnologiya və kəşfiyyat imkanları ilə bağlıdır.
Bu kontekstdə Türkiyənin rolu da ön plana çıxır. Hərbi gücü və geosiyasi mövqeyi ilə Türkiyə Avropa təhlükəsizliyində mühüm aktor olaraq qiymətləndirilir.
Məcburi hərbi xidmət yenidən gündəmdə
Planın həyata keçməsi üçün bir sıra ölkələrdə məcburi hərbi xidmətin bərpası müzakirə olunur. Finlandiya prezidenti Aleksandr Stubb bunun həm hərbi, həm də sosial baxımdan vacib olduğunu vurğulayıb. Bununla yanaşı, Avropanın yaşlanan əhalisi və aşağı gənc nisbəti hərbi potensial üçün ciddi problem yaradır.
Nüvə çəkindiriciliyi ən həssas məsələdir
Ən mürəkkəb mövzu nüvə çəkindiriciliyidir. Hazırda NATO-nun əsas təhlükəsizlik təminatı ABŞ-ın nüvə "çətiri”dir. Bu boşluğun necə doldurulacağı isə qeyri-müəyyəndir.
Fransa prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merz Fransanın nüvə imkanlarının Avropanı əhatə edəcək şəkildə genişləndirilməsini müzakirə edir. Bu addım tarixi dönüş ola bilər, lakin həm siyasi, həm də texniki baxımdan olduqca mürəkkəb hesab olunur.
Aydın
Şərhlər