Avropa İttifaqının əhalisi 2029-cu ildə maksimum həddə çatdıqdan sonra azalmağa başlayacaq və 2100-cü ilə qədər təxminən 53 milyon nəfər azalacaq.
Qaynarinfo xəbər verir ku, bu barədə "Eurostat”ın proqnozunda deyilir.
Analitiklərin məlumatına görə, Aİ-də əhali azalması ilk dəfə 2021-ci ildə COVID-19 pandemiyası fonunda qeydə alınıb. Daha sonra artım bərpa olunub və yaxın üç il ərzində bu tendensiyanın davam edəcəyi gözlənilir. 2025-ci ildə birlik ölkələrində 451,8 milyon nəfər yaşayırdı.
Proqnozlara əsasən, əhali sayı 2029-cu ildə 453,3 milyon nəfərə çataraq pik həddə yüksələcək. Bundan sonra isə tədricən azalma başlayacaq. Əsrin sonuna doğru Aİ-də əhalinin sayı 398,8 milyon nəfərə düşəcək. Bunun təxminən 50%-ni əmək qabiliyyətli insanlar, 17%-ni isə uşaq və gənclər təşkil edəcək.
Eyni zamanda yaşlı əhalinin payının artacağı gözlənilir. 65–79 yaş arası insanların payı 17%, 80 yaşdan yuxarı olanların isə 10 faiz bəndi artacaq. Bu proqnozlar son demoqrafik məlumatların təhlilinə əsaslanır.
"2025-ci il üzrə əhali piramidası uzunömürlülüyün yüksək, ölüm səviyyəsinin aşağı, doğum göstəricilərinin isə zəif olduğunu göstərir”, deyə "Eurostat”ın hesabatında qeyd olunur.
Qurum əvvəllər də Aİ-də əhalinin qocalması tendensiyasını vurğulamışdı. Lakin hazırkı proqnoz ilk dəfə olaraq gənc və əmək qabiliyyətli əhalinin əhəmiyyətli dərəcədə azalmasını, eyni zamanda uzunömürlü insanların sayının kəskin artacağını göstərir.
Aydın
Şərhlər