Almaniyanın cənub-qərbində yerləşən Mannheim şəhərində 1679-cu ildə əsası qoyulan "Eichbaum" pivə zavodu fəaliyyətini dayandıracaq. Müəssisənin bütün əməkdaşları işdən çıxarılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" qəzeti yazır.
Nəşrin məlumatına görə, ötən ilin oktyabrında "Eichbaum" Mannheim məhkəməsinə iflas ərizəsi təqdim edib və şirkət müflis elan olunub. Təxminən 240 əməkdaş işsiz qalacaq, müəssisə isə fəaliyyətini tamamilə dayandıracaq.
Özəl pivə istehsalçısı "Eichbaum" 1679-cu ildə yaradılıb. Şirkət məhsullarını dünyanın 60-dan çox ölkəsinə ixrac edib. Lakin məqalədə qeyd olunur ki, son illərdə həm Almaniyada, həm də qlobal miqyasda pivə istehlakının azalması səbəbindən müəssisənin gəlirləri əhəmiyyətli dərəcədə aşağı düşüb.
İki il əvvəl Bavariyada 334 il fəaliyyət göstərən "Schlössle-Bier" pivə zavodu da bağlanmışdı. Həmin vaxt müəssisənin sahibi Krista Tzoller "Bild"ə açıqlamasında qərarın böyük itkilər və sənaye nəhəngləri ilə rəqabət aparmağın mümkünsüzlüyü ilə bağlı olduğunu bildirmişdi. Bu ilin yayında isə 1627-ci ildə əsası qoyulan "Hofbrauhaus Wolters" pivə zavodu müflis olub.
Aydın
Şərhlər