İtaliya ölkənin demək olar ki, bütün iri şəhərləri üçün yüksək temperaturla bağlı ciddi xəbərdarlıqlar elan edib. Mərkəzi Avropa ölkələrində də proqnozlara görə, həftəsonu yüksək temperaturun təsirləri hiss olunacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent” yazıb.
Son həftələrdə qitəni bürüyən istilik dalğaları və quraqlıq meşə yanğınlarının yayılması üçün əlverişli şərait yaradıb. Yanğınlardan ən çox Fransa, İspaniya və Yunanıstan zərər çəkib. Yüz minlərlə insan evlərini tərk etməyə məcbur olub, yanğınlarla mübarizə aparan bəzi yanğınsöndürənlər isə həyatını itirib. Evlər, meşələr və bütöv yaşayış məntəqələri məhv edilib.
İtaliya Səhiyyə Nazirliyi avqustun 7-də ölkənin bir şəhəri istisna olmaqla, bütün iri şəhərləri üçün ən yüksək istilik xəbərdarlığı səviyyəsini elan edib. Ölkədə istiliyin dördüncü dalğasının güclənməsi fonunda temperaturun 40 °C-yə yaxınlaşacağı proqnozlaşdırılır.
Yaxın günlərdə məşhur turizm istiqamətlərində də yüksək temperatur müşahidə olunacaq. Həftəsonu Florensiya və Neapolda havanın temperaturunun 39 °C-yə, Milan və Romada 38 °C-yə, Venesiya və Palermoda isə 37 °C-yə çatacağı gözlənilir.
Milan və Venesiyadan başqa, sadalanan bütün şəhərlərdə həftəsonu təhlükə səviyyəsi ən yüksək – "qırmızı” olaraq qalacaq. Eyni zamanda, səkkiz şəhərdə havanın temperaturunun aşağı düşəcəyi gözlənildiyindən təhlükə səviyyəsi "narıncı” və ya "sarı” səviyyəyə endiriləcək.
Avqust ayı ərzində İtaliyanın Mədəniyyət və Turizm nazirlikləri əsas muzeylərin iş vaxtının dörd saat uzadılmasını nəzərdə tutan təşəbbüsə başlayıb. Bu təşəbbüs İtaliyanın üç əsas görməli məkanını – Romadakı Kolizey və Panteonu, eləcə də Milandakı Sforza qəsrini əhatə edir.
Kolizeyin girişlərində soyuducu duman püskürdən ventilyatorlar və əlavə tibbi məntəqələr quraşdırılıb. Tibr çayı boyunca isə insanların sərinləyə bilməsi üçün pulsuz şəhər "çimərliyi” yaradılıb.
Cümə axşamı Slovakiyada müşahidələr tarixində ən yüksək temperatur rekordu qeydə alınıb. Ölkənin meteorologiya institutu temperaturun 42,2 °C-yə çatdığını açıqlayıb. Avstriyada da ən yüksək temperatur rekordu yenilənib. Çərşənbə günü kurort şəhəri Bad-Doyç-Altenburqda 41,2 °C temperatur qeydə alınıb.
10 Avropa ölkəsindən keçən Dunay çayında suyun səviyyəsi rekord dərəcədə aşağı düşüb. Su çatışmazlığı səbəbindən Slovakiyanın ən böyük su elektrik stansiyası fəaliyyətini dayandırmağa məcbur olub.
Aşağı su səviyyəsi Macarıstanda da problemlərə səbəb olub. Bu vəziyyət reaktorların soyudulması üçün Dunay suyundan istifadə edən ölkənin yeganə atom elektrik stansiyasının fəaliyyətinə təsir göstərib.
Fransa, İspaniya və Yunanıstan yüksək temperaturdan ən çox zərər çəkən ölkələr sırasında yer alıb. Bu ölkələrdə təhlükəli meşə yanğınları səbəbindən kütləvi təxliyələr həyata keçirilib.
Fransada ötən həftə ilə müqayisədə hava sərinləşib. Lakin ölkənin cənub-şərqindəki bəzi bölgələrdə hələ də "narıncı” istilik xəbərdarlığı qüvvədədir. Burada temperatur əsasən 35–39 °C arasında dəyişir, Qar və Var departamentlərində isə 40 °C-yə qədər yüksələ bilər.
Yerli KİV-in məlumatına görə, gələn həftə Fransada beşinci istilik dalğasının müşahidə olunacağı gözlənilir.
Yunanıstanın Kiklad adaları istisna olmaqla, bütün regionlarında hazırda "sarı” meteoroloji xəbərdarlıq qüvvədədir. Havanın temperaturu 30 °C-dən yuxarı olaraq qalır.
Ötən həftə güclü külək məşhur turizm məkanlarının yaxınlığında yanğının nəzarətsiz şəkildə yayılmasına səbəb olub. Nəticədə Krit adasındakı Kira-Vrisi, Aqia-Qalini və digər yaxın kəndlərdən sakinlər və turistlər təxliyə edilib.
Aydın
Şərhlər