Uzunmüddətli isti hava və quraqlıq səbəbindən Reyn çayında suyun səviyyəsi yenidən kritik həddə düşüb. Bu isə Avropanın ən mühüm daxili su yollarından biri ilə yükdaşımaların bahalaşmasına və yavaşlamasına səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb.
Reyndə su səviyyəsinin aşağı düşməsi yenidən Almaniyanın "iqtisadi mühərrikinin” və bütövlükdə Avropa sənayesinin fəaliyyətini təhdid edir.
Bildirilir ki, bu vəziyyət xüsusilə Avropanın əsas daxili su nəqliyyatı yollarından biri vasitəsilə kömür, neft, kimyəvi xammal və digər kütləvi yükləri daşıyan iri şirkətlərə ciddi təsir göstərir.
Duisburqdakı "Thyssenkrupp” zavodu öz itələyici gəmilərinin istismarını dayandırmağa və dayaz sularda işləyə bilən kənar şirkətlərə məxsus gəmilərdən istifadə etməyə məcbur olub.
Bu arada "BASF” şirkəti çayda yaranmış vəziyyət səbəbindən hər bir gəminin əvvəlkindən xeyli az yük daşıması ilə əlaqədar istifadə etdiyi gəmilərin sayını artırıb.
Mövcud vəziyyət Almaniyanın onsuz da zəif olan iqtisadiyyatının perspektivlərini daha da pisləşdirir. Berlin ölkəni uzunmüddətli durğunluqdan çıxarmaq üçün infrastruktur və müdafiə xərclərini artırmağa çalışır. Lakin hökumət Yaxın Şərqdəki münaqişə səbəbindən aprel ayında 2026-cı il üçün iqtisadi artım proqnozunu 0,5 faizə endirib.
"Məsələ dəyər və təchizat zəncirlərinin qarşılıqlı əlaqəsi səbəbindən Macarıstan iqtisadiyyatına da ciddi təsir göstərə bilər: Alman tərəfdaşlardan sifarişlərin azalması Macarıstanda da istehsalın geriləməsinə səbəb ola bilər”, məqalədə qeyd olunur.
Bu il vəziyyəti daha da çətinləşdirən amillərdən biri çayın sağ sahilində yük dəmir yolu daşımaları üçün əsas marşrutlardan birinin təmirə bağlanmasıdır. Bu isə alternativ imkanları əhəmiyyətli dərəcədə azaldır.
Nəqliyyat xərclərinin artması Avropa Mərkəzi Bankının faiz dərəcələrinin növbəti artırılması ehtimalını nəzərdən keçirdiyi bir vaxtda inflyasiyanı sürətləndirə bilər.
Bununla belə, Reyn çayında su səviyyəsinin aşağı düşməsi özlüyündə Almaniyada inflyasiyanı maksimum 0,2 faiz bəndi artıra bilər. Lakin quraqlığın ərzaq qiymətlərinə təsiri ilə birlikdə bu vəziyyət daha ciddi risklər yarada bilər.
Aydın
Şərhlər