Ölkə 11:20 11.02.2023

Avropaya narkotik göndərməyə çalışan iranlı narkobaronun dəstəsi tutuldu (VİDEO)

Qaçaqmalçılıq yolu ilə 67 kiloqram heroin və metamfetamini ölkə ərazisinə keçirib Avropaya göndərmək istəyən dəstənin üzvləri saxlanılıblar.

DİN Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Bəhruz Beybudov, onun başçılıq etdiyi dəstənin üzvləri Əlifağa Hadıyev və Samir Abdullayev tutulublar. Əlifağa Hadıyevin idarə etdiyi avtomobilə, Bəhruz Beybudovun evinə və Samir Abdullayevin maşınının tranzit yük hissəsinə Gömrük Komitəsi əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Qeyd edilən yerlərdən 57 kiloqram heroin, 10 kiloqram metamfetamin və elektron tərəzilər aşkar olunub.

Dəstə üzvləri "Əsgər” adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək onun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi narkotik vasitələri maddi qazanc müqabilində qəbul ediblər. Saxlanılan şəxslər narkotikləri həm Bakı şəhərində satmaq, həm də Samir Abdullayevin yük maşını ilə Avropa ölkələrinə göndərməyi planlaşdırıblar.

Faktla bağlı ilə cinayət işi başlanılıb, hər 3 şəxs  barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.