Xəbər lenti

Azad olunmuş ərazilərdə yararlı torpaq sahələri necə bölünməlidir? - Ekspert
Ölkə 15:10 29.12.2023

Azad olunmuş ərazilərdə yararlı torpaq sahələri necə bölünməlidir? - Ekspert

(Yazı "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusu üzrə hazırlanıb) 
 
İşğaldan azad olunan ərzilərdə kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrinin bölüşdürülməsi ilə bağlı yerli əhali arasında bəzi narazılıqlar yaranıb. Əhali əkin üçün yararlı olan həmin sahələrin sahibkarlara, xüsusi ilə də həmin bölgədən olmayan sahibkarlara icarəyə veriləcəyini bildirir. Sahibkarlar isə həmin ərazilərdən heç bir torpaq sahələrinin onların öhdəsinə verilmədiyini deyir.

Bəs, işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatı üçün yararlı olan həmin torpaq sahələri sahibkarlara necə və hansı qayda ilə verilməlidir?

İqtisadçı ekspert Cəfər İbrahimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, işğaldan azad olunan torpaq sahələri tender vasitəsi ilə şirkətlərə bəlli müddətə icarəyə verilə bilər. Ekspertin fikirincə, rayonlarda torpaq sahələrinin ailə təsərrüfatları arasında bölüşdürülməsi prosesi gözlənilən effekti verməyib:

"Açığı bu bölgü özünü düşünüldüyü kimi doğrultmadı. İşğaldan azad olunan ərazilərdə şəhər və rayonlara aid olan torpaq sahələri var. Düşünürəm ki, orada kənd təsərrüfatı korporativi qurmaqla həmin kəndlərdə yaşayan əhalinin məşğulluğunun bir hissəsini təmin etmək olar. Əsas məsələ torpağın məhsulldarlığı ilə əhalinin sayıdır. Qalan torpaqlar bütöv halda saxlanılmalıdır. Bu gün Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan kifayət qədər strukturlar və şirkətlər fəaliyyət göstərir. Onların arasında tender elan olunmalıdır. Həmin torpaq sahələri tender vasitəsi ilə bəlli müddətə icarəyə verilə bilər. Yəni dövlət büdcəsinə müəyyən vəsait ödəməklə bəlli illər üzrə tenderdə qalib gələn şirkətlərə verilə bilər. Bu şərtlə ki, həmin torpaq sahələrində müəyyən infrastrukturun, suvarma sistemlərinin qurulması tələbi qoyulmalıdır. Əgər proses bu şəkildə gedərsə, düşünürəm ki, bu torpaqların daha məhsuldar istifadəsinə gətirib çıxarda bilər".



Cəfər İbrahimli həmin ərazilərdə heyvandarlığın qurulması üçün kifayət qədər şəraitin olduğunu qeyd edib:

"Çöl şəraitində saxlanma formasında deyil, orada həm xırda, həm də iribuynuzlu heyvanların qapalı yemləmə şəraiti təmin olunmalıdır. Uyğun ərazilərdə bu təsərrüfatların qurulması üçün imkanlar yaradılmalıdır. Açıq yemləmə, heyvanların örüş formasında saxlanılması artıq effekt vermir. Örüş ərazilərində xırda buynuzlu heyvanlar üçün şərait yaradıla bilər. Amma əsas məhsuldar torpaqlardan söhbət gedirsə, orada mütləq qapalı yemləmə şəraitindəki təsərrüfatlar qurulmalıdır. Həmçinin südçülük üçün də geniş imkanlar olmalıdır. Bunun üçün də uyğun ərazilər ayrılıb, tender yolu icarəyə verilməlidir".

Cəfər İbrahimli işğaldan azad olunan ərazilərdə həmçinin ailələrin fərdi ev tikintisi üçün də torpaq sahələrinin ayrıldığını vurğulayıb:

"Təbii ki, həmin kəndlərdə məskunlaşacaq ailələrin məşğulluğunu təmin olunması vacib şərtlərdən biridir. Necə ki, Azərbaycanın bütün rayon və kəndlərində məhsuldar torpaq sahələri əhaliyə bölünüb verilib, eləcə də işğaldan azad olunan ərazilərdə də bu proses aparılmalıdır. Kənd vətəndaşlarına həmin torpaqların bir hissəsi koporativlərin qurulması məqsədi ilə verilə bilər. Torpaqlar birlikdə əkilib becərilməlidir".

Bahar Rüstəmli
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 





Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->