Səhiyyənin Təminatı Mərkəzi "SEM-Az” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə laboratoriya tədqiqatları və müayinələr üçün lazım olan materialların (reaktiv, reagent və s) satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 801 912,66 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "SEM-AZ” MMC 15 may 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, akademik Mustafa Topçubaşov küçəsi, ev 21, mənzil 37-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Anar Firkət oğludur.
"SEM-Az” MMC tibb sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərdən biri kimi tanınır. Mediada gedən məlumatlardan aydın olur ki, şirkətin uğurlu biznes subyektinə çevrilməsi təkcə onun fəaliyyətilə əlaqədar deyil. "SEM-Az” MMC güclü himayədarlarının sayəsində biznes mühitində özünə yer edə bilib.
Şirkət haqqında dərc edilən materiallarda onun keçmiş nazir müavini Elsevər Ağayevə məxsus olması barədə iddialar yer alır. Bu iddialar indiyədək təkzib edilməyib.
Elsevər Ağayev uzun illər Azərbaycanın səhiyyə nazirinin müavini olub. O, nazir müavini işlədiyi dövrdə vaxtaşırı medianın diqqətinə mərkəzinə gəlib. Bu, onun biznes strukturları, nazir müavinin kimi fəaliyyətində yol verdiyi nöqsanlar və s. qaranlıq işləri ilə bağlı olub.
Elsevər Ağayev 2022-ci ildə nazir müavini vəzifəsindən azad edilsə də, onun hələ də səhiyyə sisteminə təsir imkanlarının olduğu iddia edilir.
Seyid
Şərhlər