"Azərbaycanda Cənubi Qafqazın digər iki ölkəsilə müqayisədə bazar iqtisadiyyatının təməl prinsipləri ciddi şəkildə qorunmur".
Bunu Qaynarinfo-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov Gürcüstan və Ermənistan banklarının Azərbaycan bankları ilə müqayisədə daha çox mənfəət əldə etmələrinin səbəbini şərh edərkən deyib.
"Banklar kommersiya qurumudur və maliyyə vasitəçisidir. Yəni onlar öz-özlüyündə iqtisadi dəyər daşıyıcısı deyil. Banklar birindən əmanət qəbul edir, həmin pulu sonradan başqasına kredit kimi verir. Bazar iqtisadiyyatının üç təməl prinsipi var - mülkiyyət hüququnun müdafiəsi, öhdəliklərin icrası və sağlam rəqabət. Bu şəraitdə bazar iqtisadiyyatı inkişaf edir və daha çox bacarığı olanlar da daha yaxşı biznes qura bilir", deyə Əkrəm Həsənov bildirib.
Ekspert qeyd edib ki, Azərbaycanda qonşu ölkələrlə müqayisədə sağlam rəqabət mühiti geniş şəkildə formalaşmayıb:
"Azərbaycanda bazar iqtisadiyyatının təməl prinsipləri o qədər də ciddi qorunmur. Qəbul edilən qanunlara əməl edilmir. Mülkiyyət hüququ ciddi qorunmur, sağlam rəqabətə önəm verilmir, nəticədə inhisarçılıq da artır. Ölkəmizdə hər şey neft və qaza bağlıdır. Belə şəraitdə sözsüz ki, banklar da inkişaf edə bilməyəcəklər".
Qeyd edək ki, 2025-ci ilin birinci yarısının göstəricilərinə görə, Azərbaycan bankları mənfəətlə işləsələr də, mənfəətin həcmi baxımından qonşu Gürcüstan və Ermənistan banklarından geri qalıblar. Mətbuatın yazdığına görə, 2025-ci ilin ilk yarısında Cənubi Qafqaz ölkələri arasında Gürcüstan bankları daha çox mənfəət əldə edib. Ölkədə fəaliyyət göstərən 19 bankın 15-i ilin 6 ayını mənfəətlə başa vuraraq ümumilikdə 569,1 milyon dollar qazanıblar. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% çoxdur.
Ermənistan bankları cari ilin ilk yarısında mənfəətlərini 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 16,6% artırmağa nail olublar. 17 bankın 12-si mənfəətlə işləyib və ümumi mənfəəti təxminən 513 milyon dollar olub.
Azərbaycanda isə 1 bank istisna olmaqla 22 bankın demək olar ki, hamısı yarımili mənfəətlə başa vurub və mənfəətin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% azalaraq 339.2 milyon dollara düşüb.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan bankları ili 614 milyon dollarla, Gürcüstan bankları 1,1 milyard, Ermənistan bankları 914 milyon dollarla başa vurublar.
Rüfət Sultan
Şərhlər